• Be. Noy 25th, 2024

Ulu Öndər Heydər Əliyev Konstitusiyamızın müəllifidir

ByVuqar Ferzeliyev

Noy 11, 2024

      1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı nəinki Azərbay­canın müstəqilliyinin qorunub saxlanmasında, həm də onun dövlətçiliyinin xilasında müstəsna rol oynadı. Ümummilli lider öz qətiyyəti, dərin zəkası, zəngin dövlətçilik təcrü­bəsi və böyük siyasi nüfuzu sayəsində xilaskarlıq missiyasına başladı. Təsadüfi deyil ki, 1995-ci il iyunun 5-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası yaradıldı. Qeyd edək ki, bu ali sənədin müasir dəyərləri özündə ehtiva edən mükəmməl formada qəbulolunmasını reallaşdırmaq üçün ulu öndər layihənin hazırlanması zamanı onun hər bir müddəasını şəxsən nəzərdən keçirmiş, dövlətin gələcək taleyi, demokratik imici baxımından bu işə son dərəcə həssaslıqla yanaşmışdı.

      “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasında demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü, – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”, – deyən ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanmasında həm ölkəmizin tarixi keçmişinin milli dəyər­lərin­dən, həm də ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin təcrübəsindən istifadə edilməsini mühüm vəzifə kimi irəli sürmüşdü. Konstitusiya layihəsi hazırlandıq­dan sonra cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı ilə onun açıq müzakirələrinin keçirilməsi bu ümumxalq əhəmiyyətli sənə­din ən təkmil formada ərsəyə gətirilməsinə şərait yaratmışdır. Bütün müzakirələrin nəticəsi olaraq 1995-ci il noyabrın 12-də ümum­xalq səsverməsi yolu ilə müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul olunmuşdur.

      Ulu öndərin müəllifi olduğu Konstitusiyanın qəbul edilməsi xalqımızın dövlət müstə­qil­liyi tarixində konstitusionalizm məfkurəsini əks etdirən hadisə idi. Bununla ölkəmizin və xalqımızın dövlətçilik tarixinə yeni bir səhifə yazıldı, dahi rəhbər Heydər Əliyevin uzunmüddətli gərgin əməyinin məhsulu olan konstitusiya öz demokratikliyi, humanistliyi ilə seçilərək ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi və müstəqil dövlətçiliyimizin tərəqqisi üçün hərtərəfli zəmin yaratdı, xalqımızın demokratik dövlət qurmaq və dünya arenasında layiqli yer tutmaq istəyini nümayiş etdirdi. Məhz bu tarixi hadisədən sonra Azərbaycanda hüquqi islahatlara başlanıldı.. Xüsusilə son illər həyatımıza parlaq qələbələr illəri kimi daxil olmuşdur. Uğurlu qələbələrlə zəngin olmuş son illər ölkəmizə  misli görünməmiş yeniliklər bəxş etdi, yaddaşımızda dərin izlər buraxdı. Ölkəmizin vətəndaşlarının öz müstəqil ölkələri üçün fəxr etməyə hər cür əsası vardır.

Nadir Babayev,

Cəlilabad şəhər sakini, İctimai şuranın sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir