• Ca. Noy 14th, 2024

Əsas Qanunumuz demokratik prinsiplərin təminatçısıdır

ByVuqar Ferzeliyev

Noy 11, 2024

        Müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyası 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olmaqla dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının təmin olunmasının bünövrəsini qoymuşdur. Demokratik prinsipləri əsas tutaraq Konstitusiyamızda insan hüquqlarına, azadlıq və vəzifələrinə geniş yer verilir. Bu hüquq, azadlıq və vəzifələr  Konstitusiyanın ikinci bölməsində 48 maddədən ibarət olub konstitusiya mətninin əsas hissəsini təşkil edir.

       Konstitusiyanın gətirdiyi əhəmiyyətli yeniliklərdən biri də həmin dövrə qədər dövlətçilik tariximiz üçün səciyyəvi olmayan yeni bir institutun – konstitusiya nəzarəti təsisatının yaradılması olmuşdur. Qeyd edilməlidir ki, konstitusiya nəzarətinin əsas məqsədi kons­titusiyanın aliliyinin təmin edilməsi və konstitusiya ilə təsbit olunmuş insan hüquq və azadlıqlarının müdafiəsidir. Azərbaycan Respublikasının Konstitusiyası dövlətin hər hansı maraqlara deyil, məhz vətəndaşların mənafelərinə, azad cəmiyyətin aparıcısı olan şəxsiyyətin maraqlarına xid­mət etdiyini ən yüksək səviyyədə bəyan etmişdir. Bu baxımdan Konstitusiyamızın üçdə bir hissəsi əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına həsr edilmiş, Əsas Qanu­nun ən böyük fəsli olan üçüncü fəsildə insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi, onların reallaşdırılması mexanizmləri nəzər­də tutulmuşdur.

       Azərbaycan Respublikası Konstitusiyasının qəbulu nəticəsində ölkəmizdə geniş­miq­yaslı qanunvericilik və məhkəmə-hüquq islahatları aparılmış, həmin islahatlar nəticəsində müstəqil məhkəmə hakimiyyətinin yaradılması üçün zəruri qanunvericilik bazası forma­laşdırılmış, yeni üçpilləli məhkəmə sistemi təsis edilmişdir ki, bu da vətəndaşların qanuni maraq və mənafelərinin ədalət mühakiməsi yolu ilə birinci instansiya, apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən daha etibarlı şəkildə müdafiə olunma­sına öz müsbət təsirini göstərmişdir.

       Konstitusiya müddəalarının həyta keçirilməsinin əsas qarantı kimi,  hörmətli Prezidentimiz cənab İlham Əliyev rəhbərliyə gəlməsinin ilk günlərindən respublikamızın həyatında sağlam mühit, saf münasibətlər rişə salıb,  hərtərəfli dinamik inkişaf, dövlət quruculuğu uğurla davam etdirilir, dövlətçilik ənənələri mütəmadi olaraq zənginləşdirilir və qorunur. Məhz onun çoxcəhətli ictimai-siyasi və diplomatik fəaliyyəti nəticəsində artıq Azərbaycan bütün planetdə tanınmışdır. 44 günluk Vətən müharibəsindəki Qələbəmiz sayəsində Vətənimiz yenə də bütün dünyaya səs saldı, beynəlxalq aləmdə öz imicini daha da möhkəmləndirdi. Prezident öz fəaliyyətində respublikamızın bütün regionlarının inkişaf etdirilməsində, bütün insanların azadlıqlarının mühafizəsində, onların həyat səviyyəsinin yüksəldilməsində özünün qarant rolunu uğurla həyata keçirir.

        Bu əlamətdar gün münasibətilə hər birinizi ürəkdən təbrik edirəm!

Özüxan Niftiyev,

Cəlilabad şəhər bələdiyyəsinin sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir