• Ca. Noy 14th, 2024

Öldü var, döndü yoxdur

ByVuqar Ferzeliyev

Noy 12, 2024

       Qırx dörd günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik. Bildiyiniz kimi, danışıqlar prosesi 30 ilə yaxın davam etdi, bunun heç bir nəticəsi olmadı. İndiki hadisələrin gedişatı, İkinci Qarabağ müharibəsindəki dövr və beynəlxalq güclərin hərəkətləri onu göstərir ki, bu məsələ heç vaxt danışıqlar yolu ilə öz həllini tapa bilməzdi.

        Vətən müharibəsi nəticəsində BMT TŞ-nin 1993-cü ildə qəbul etdiyi qətnamələrin tələblərinin icrasını təmin edən dövlətimiz bununla regionda dayanıqlı sabitliyə, sülhə və əməkdaşlığa şərait yaradan və beynəlxalq hüquqa əsaslanan yeni siyasi şərait yaratdı. Dövlətimiz təcavüzkar qonşuya məğlubiyyətindən sonra sülh təklif etdi.

      Amma bizim təkliflərimizə rəqib tərəf və onun havadarları etinasız münasibət gəstərdilər. Minsk qrupunun bütün həmsədrləri 30 il ərzində Ermənistanın arxasında dayanmışdı, biri pulsuz silah verirdi, biri pul verirdi, biri həm silah, həm pul verirdi, siyasi dəstək verirdi, bir məqsədlə ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlasınlar. Müharibə dövründə Ermənistan hərbi cinayətlər törədiedi, dinc şəhərlərimizi bombalayırdı, “İsgəndər M”, “Toçka U”, “Elbrus” və digər dağıdıcı silahlarla hər gün şəhər və kəndlərimiz artilleriya atəşi altında idi. Amma bu, Azərbaycan xalqının iradəsinə bir zərrə təsir etmədi. Biz müharibəni vaxtında dayandırdıq və müharibənin ilk günündə dedik ki, düşmən torpaqlarımızdan çıxmaq cədvəlini bizə verməlidir – nə vaxt hansı bölgədən çıxır, ondan sonra biz müharibəni dayandıracağıq. Ancaq bəzi insanlar, – bu, təbiidir, – hesab edirdilər ki, Azərbaycan rəhbərliyi bu beynəlxalq ermənipərəst qüvvələrin təzyiqinə davam gətirə bilməyə bilər və xalqımız narahat idi ki, işimiz yarımçıq qalacaq. Bu, təbiidir, çünki Azərbaycan o qədər də böyük dövlət deyil. Ona görə, təbii olaraq Azərbaycan vətəndaşlarının bəziləri narahat idi ki, müharibə yarımçıq qalacaq, biz öz istədiyimizə nail ola bilməyəcəyik, bizi kimsə dayandıracaq. Amma Prezidentimiz dedi ki,, yox, heç kim bizi dayandıra bilməz, öldü var, döndü yoxdur. Sona qədər vuruşacağıq, ədaləti, beynəlxalq hüququ bərpa edəcəyik və Ermənistana onun yerini göstərəcəyik.

        Belə də oldu! Bütün beynəlxalq təzyiqlərə rəğmən, bütün hədə-qorxulara rəğmən, xalqımız yumruq kimi birləşdi, Ordunun arxasında dayandı və biz bu tarixi, şərəfli missiyanı yerinə yetirdik. 44 gün ərzində hər gün biz irəli gedirdik, bir gün belə geri addım atmamışıq. Ermənistan ordusunda 10 min fərari ola-ola, Azərbaycan Ordusunda bir nəfər də döyüş meydanından qaçmırdı. Bax, budur bizim milli ruhumuz, budur Azərbaycan ruhu! Biz bütün dünyaya göstərdik ki, kim kimdir. Bütün dünyaya göstərdik ki, biz böyük xalqıq. Xalqımızın böyüklüyünü müharibə dövründə və müharibədən sonrakı illər ərzində də göstərdik. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə geniş inşaat işləri aparılır, azad edilmiş torpaqlara həyat qayıdır.                             

Özüxan Niftiyev,

Cəlilabad şəhər bələdiyyəsinin sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir