“Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Azərbaycan Respublikasında inzibati ərazi vahidi. Ağdam rayonunun sahəsi 1150 km², əhalisi 153000 olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Erməni işğalından əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı , 15 şərab zavod, 1 şampan zavodu, 10 istirahət mərkəzi, Qarabağın ən böyük musiqi məktəbləri bu rayonda yerləşib.
Birinci Qarabağ müharibəsi zamanı Qəhrəman rayon adını alan Ağdam rayonunun Şəhid sayı 6570 nəfər, Milli Qəhrəmanı 16 nəfər, döyüşlərdə iştirak edən ağdamlı sayı 40,000 nəfər, ağdamlı Qarabağ qazisi 4950 nəfər olmuşdur. 1992-ci ildə Qarabağı bütünlüklə işğal edən Ermənistan bununla kifayətlənməyərək Qarabağın ətraf rayonlarına da hücum etdi. Xüsusən Ağdama olan hücumların ardı-arası kəsilmirdi. 1993-cü ilin may ayının 11-dən etibarən qızışan hücum əməliyyatları həmin il iyul ayının 23-də Ağdamın süqutu ilə başa çatdı. Ağdama edilən son hücumda 6.000 nəfər erməni əsgəri iştirak edirdi. Onların arasında çoxlu sayda xaricdən gəlmiş ermənilər və muzdlu əsgərlər də var idi. 10 noyabr 2020-ci ildə Ermənistanın qol çəkdiyi üçtərəfli bəyanatda qeyd edilən Azərbaycan rayonlarının işğaldan azad edilməsi cədvəlinə uyğun olaraq, 20 noyabr 2020-ci ildə erməni silahlı birləşmələri Ağdam rayonunu tərk etdi. 20 noyabr 2020-ci ildə müzəffər Azərbaycan ordusu Ağdama daxil oldu və təhlükəsizliyin təmin edilməsi üçün zəruri tədbirlərin icrasına başlanıldı. Ağdam şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı ucaldıldı və Dövlət Himni səsləndirildi. Beləliklə əzəli Azərbaycan torpaqları yenidən Azərbaycanın yəni əsl sahibinin oldu.
Gülnarə Mirzəliyeva
Saatlı MKS-nin əməkdaşı