Son 21 ildə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında davamlı şəkildə reallaşdırılan genişmiqyaslı islahatlar iqtisadiyyatın dinamik inkişafını təmin edib. Azərbaycanın inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri ondan ibarətdir ki, ölkəmizdə iqtisadi və sosial siyasətin adekvatlığı təmin edilir. Belə ki, respublikanın iqtisadi-maliyyə imkanları artdıqca sosial sferada əhalinin rifah halının yaxşılaşmasını hədəfləyən təşəbbüslərin miqyası da genişlənir. Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi geniş müsahibəsində ölkəmizi fərqləndirən bu cəhətə diqqət çəkərək vurğulayıb ki, bizim, ümumiyyətlə, iqtisadi və sosial sahədə siyasətimiz bir-birini tamamlayır. Müsahibədə Prezident İlham Əliyev artıq tarixdə qalan 2024-cü ilin iqtisadi yekunlarına diqqət çəkib.
Müsahibədə deyildiyi kimi, keçən il Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir. İnkişaf templəri, bugünkü dünyanın mənzərəsinə nəzər salsaq, müsbət sayıla bilər. Yəni, ümumi daxili məhsul 4 faizdən çox artmışdır. Əslində, bizim üçün əsas göstərici qeyri-neft sektorunun inkişafıdır. Biz son vaxtlar neft hasilatında tənəzzüllə üzləşmişdik və aparılan danışıqlar, göstərilən səylər nəticəsində artıq bu tənəzzülə son qoyulacaq və neft hasilatı sabit qalacaq.
Qeyri-neft sektoru 6 faizdən çox artıb. Nəzərə alsaq ki, artıq uzun illər bizim iqtisadi inkişafla bağlı əsas hədəflərimizdən biri sənaye istehsalının artırılmasıdır, qeyri-neft sənaye sektorunda artım daha da yüksəkdir. Bu, 7 faizdən çoxdur. Yəni, əgər dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da ki, tənəzzülə nəzər salsaq, görərik ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib.
Bu göstəricilər, sadəcə olaraq, keçən ilin məhsulu deyil. Uzun illər aparılan bəllidir. Iqtisadi islahatlar, şəffaflıq, inhisarçılığa qarşı mübarizə, investisiyaların cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində biz beynəlxalq aparıcı reytinq agentliklərinin Azərbaycana olan münasibətində müsbət dəyişiklik görürük. Yəni, bütün bunlar onu deməyə əsas verir ki, biz iqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik.
Dövlət başçısı qeyd etmişdir ki, keçən il maliyyə vəziyyətimizi böyük dərəcədə yaxşılaşdıra, öz ehtiatlarımızı artıra bilmişik. İl ərzində valyuta ehtiyatlarımız təqribən 5 milyard dollardan çox artıb və bu gün bu rəqəm 72 milyard dollara bərabərdir. Bu, əhalisi 10 milyon olan ölkə üçün bu, çox böyük göstəricidir. Biz burada dünyada liderlər sırasındayıq. Çünki bizim xarici borcumuz ümumi daxili məhsulumuzun cəmi 7.2 faizini təşkil edir. Müqayisə üçün deyə bilərik ki, əksər inkişaf etmiş ölkələrdə bu, 100 faizdən də çoxdur və 7,2 faiz səviyyə doğrudan da çox böyük nəticədir. Əlbəttə ki, valyuta ehtiyatlarının xarici borcla müqayisəsi də önəmli amillərdən biridir. Məhz buna görə beynəlxalq reytinq agentlikləri Azərbaycana daha ədalətli mövqe nümayiş etdirməlidirlər.
Yasər Muradov,
Cəlilabad RİH-nin şöbə müdirin müavini