Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-də yaradılıb. Keçən müdətdə iki ölkə arasında 123 sənəd imzalanıb.Bakı və Tbilisi qardaşlaşmış şəhərlərdir. Azərbaycanı Gürcüstanla yaxınlaşdıran ən mühüm məqamlardan biri də 500 minədək soydaşımızın bu ölkədə yaşamasıdır.Bu müddət ərzində Azərbaycan Prezidentinin Gürcüstana, Gürcüstan prezidentlərinin isə Azərbaycana dəfələrlə səfəri olub. Azərbaycanın xarici siyasətində, o cümlədən, qonşu ölkələrlə bağlı həyata keçirdiyi siyasətində Gürcüstanla münasibətlər hər zaman xüsusi ilə diqqət mərkəzində olub. Bununla belə ölkəmizin enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit ölkə kimi çıxış edir. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin yanvarın 17-də Azərbaycana səfərinin isə xüsusi əhəmiyyəti vardır. Çünki Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra bu ilk xarici səfərdir. Onu da qeyd edək ki, İrakli Kobaxidze bir neçə dəfə Azərbaycanda səfərdə olub. Gürcüstanın Baş naziri, eyni zamanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə 2024-cü il 11 noyabr tarixində Azərbaycanda işgüzar səfərdə olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İrakli Kobaxidze ilə rəsmi görüşdə Baş naziri təmsil etdiyi “Gürcü Arzusu” Partiyasının seçkilərdəki qələbəsi münasibətilə təbrik edərək, bütün komandaya yeni uğurlar arzuladı. Parlament seçkilərindən sonra ilk dəfə Azərbaycana səfərinin təbii ki, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verdiyini söylədi. Qeyd etdi ki, bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər. İqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Əlbəttə, bu onu göstərir ki, hökumətinizin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev:” Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır”. Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin inkişafında XİN-lərarası siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya və parlamentlərarası əlaqələr üzrə işçi qrupu platformaları vacib rol oynayır. Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkərimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər.
Sürəyya Zeynalova
Saatlı Tarix-Diyarşünaslıq muzeyinin direktoru