• Ç. May 14th, 2025

Müdafiə sahəsində Azərbaycan-Somali əməkdaşlığı

ByVuqar Ferzeliyev

Fev 14, 2025

       Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin fevralın 12-də Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata verdiyi bəyanatda qeyd olunduğu kimi, Azərbaycan müdafiə avadanlığının əksər hissəsini istehsal edərək, güclü müdafiə sənayesi potensialını yaradıb. Həmin avadanlıq həm bizə lazımdır, həm də müasir müdafiə avadanlığına malik olan 10-a yaxın ölkənin mühüm ixracatçısına çevrilmək imkanıdır.

       Burada təlimlər də var, çünki İkinci Qarabağ müharibəsi və sonradan antiterror əməliyyatı hərbi qulluqçularımızın yüksək peşəkarlığını nümayiş etdirdi. Onlar altı və ya yeddi müdafiə xəttinə, müxtəlif müdafiə istehkam infrastrukturuna baxmayaraq, təxminən otuz il işğal altında olan ərazimizi çox mürəkkəb coğrafi relyef şəraitində azad edərək, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qısa müddət ərzində tam bərpa edə bildilər. Beləliklə, həmçinin xüsusi təyinatlılarımız cənab Prezidentə təqdim olundu.

        Azərbaycanda səfərdə olan Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud və müdafiə naziri Abdulkadir Məhəmməd Nur fevralın 13-də Azərbaycan Ordusunun komando hərbi hissələrinin birində olublar.

        Əvvəlcə hərbi hissədə fəxri qarovul dəstəsinin müşayiəti ilə qarşılanma mərasimi keçirilib. Sonra hərbi hissənin idman zalında Müdafiə Sənayesi Nazirliyinin təqdim etdiyi yeni simulyasiya vasitəsinə baxışdan sonra hərbi qulluqçuların idman hazırlığı izlənilib. Qonaqlar tapança, pnevmatik silah və kiçikçaplı tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş 25 metr uzunluğunda iki atış zolağı, həmçinin atışın nəticələrinin monitorda əks olunduğu qapalı atış şəhərciyinə gələrək burada yaradılan şəraitlə tanış olublar. Hərbi qulluqçuların məişət şəraiti ilə maraqlanan nümayəndə heyəti əsgər yataqxanasına, silah otağına, əşya anbarına, ideoloji iş və digər inzibati otaqlara, həmçinin yeməkxanaya baxıblar. Qonaqlar tam təchizatlı komandoların sıra hazırlığına baxdıqdan sonra onların dağ komando qülləsində və kəşfiyyat cığırında fəaliyyətlərini izləyiblər.

        Müdafiə Sənayesi Nazirliyinin, həmçinin “RTX” və “Improtex” şirkətlərinin istehsal etdiyi pilotsuz uçuş aparatı (PUA), silah, avtomobil və xüsusi texnika, eləcə də digər döyüş vasitələrindən ibarət sərgini izləyən qonaqlara onların taktiki-texniki xüsusiyyətləri barədə ətraflı məlumat verilib.

        Cənab İlham Əliyevin bəyanatında vurğulandığı kimi, müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığımızın mühüm sahələrindən biri olmalıdır.

 Vüqar Cavadov,

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin

 Cəlilabad rayonu üzrə gənclər və idman sektoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir