Tarixi faktlar gec-tez üzə çıxır. Heç bir həqiqət gizli qalmır. Qubada kütləvi məzarlıq da 2007-ci il aprelin 1-də təsadüf nəticəsində tapıldı. Məzarlıq Quba şəhərinin şimalında, Qudyalçayın sağ sahilində idman kompleksinin təmiri zamanı qazma işləri aparılarkən aşkar edildi.
Kütləvi məzarlığın ümumi sahəsi 514 kvadratmetrdir. Məlum idi ki, həmin ərazidə heç zaman qəbiristanlıq olmayıb. Digər tərəfdən insan sümüklərinin töküldüyü bu yerə məzarlıq demək mümkünsüzdür. Çünki yüzlərlə insan sümükləri bir-birinin üstündə idi.
Təmir işləri dayandırıldı. Bölgəyə mütəxəssislər gəldi. Sümüklərlə dolu iki quyu aşkarlandı. Böyük quyunun diametrinin 5, kiçik quyunun diametrinin isə 2,5 metr olduğu məlum oldu. Tədqiqat işləri nəticəsində həmin quyularda müxtəlif yaş qruplarına aid 500-dək insan cəsədinin qalıqları aşkarlandı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aid idi. Qətlə yetirilənlərin meyitləri gələcəkdə daşqınlar zamanı izin itirilməsi məqsədilə yamacda qazılmış quyulara doldurulmuşdu. Meyitlər birinci quyuya yerləşmədiyindən ikinci quyu qazılmışdı.
Araşdırmaçılar tədqiqat işləri apararkən dəhşətə gəldilər. Çünki görünməmiş vəhşiliklərlə qarşılaşmışdılar. Ərazidə insan kəlləsinin və bədəninin sümüklərinin ayrı-ayrı basdırılması insanların başlarının xüsusi qəddarlıqla kəsildiyini göstərirdi. Qubada aşkarlanan kəllə və digər insan sümüklərində güllə yeri yox idi, küt alətlərin izləri vardı. Onların baş nahiyəsindən balta ilə vurub, sonra xəncərlə başı bədəndən ayırmışlar. Bəzi kəllə sümüklərində isə mismarlar aşkarlanmışdı. Araşdırıcılar çoxlu insan kəlləsi, uşaq sümükləri arasından yalnız 35 skeleti bütöv halda aşkarlamışlar.
Araşdırmalar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımi ilə bağlı olduğu sübut olundu. 2009-cu il dekabrın 30-da isə Prezident İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında sərəncam imzaladı. 2013-cü il sentyabrın 18-də Quba Soyqırımı Memorial Kompleksinin açılışı oldu.
Mütəxəssislər tarixi faktlara əsaslanaraq, bu məzarlığın ermənilər tərəfindən 1918-ci ildə Qubada törədilən qətliamların hələ aşkara çıxan bir hissəsi olduğunu qeyd edirlər. Çünki həmin il əksər bölgələrdə azərbaycanlıların başına dəhşətli faciələr gətirilmişdi. Erməni daşnakları və bolşeviklər qırğınlara Bakıdan başlamışlar. 1918-ci il martın 31-də Bakıda soyqırımı törətmişlər. Həmin günün səhəri bu qədim şəhərin müsəlman-türk məhəllələri, evləri dəhşətli hadisələrin şahidi oldu. Azğınlaşmış bolşevik-daşnak dəstələrinin verdiyi işgəncələrdən uşaqların, gənclərin, qocaların nalələri ərşə bülənd oldu.
Bolşevik-daşnak birləşmələri 1918-ci ildə yalnız Bakıda və Bakı ətrafında deyil, Şamaxı, Quba, Xaçmaz, Muğan, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər yerlərdə də dəhşətli qırğınlar törətdilər, on minlərlə azərbaycanlını qətlə yetirdilər. Təcavüzkar ermənilər Azərbaycanın əksər bölgələrində 1918-ci ilin sentyabrında məğlubiyyətə uğradılar. Bütün ölkə ərazisində Azərbaycan Xalq Cümhuriyyəti bərqərar oldu.
Fərəcov Nazim
Saatlı Dövlət Rəsm Qalereyasının bərpaçı rəssamı