Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 aprel 2025-ci ildə Çinin Sinxua agentliyinə verdiyi müsahibədədeyildiyi kimi, Azərbaycan-Çin əlaqələri dövlətimizin xarici siyasətində xüsusi əhəmiyyət daşıyır. Cənubi Qafqazın lider ölkəsi kimi Azərbaycanla münasibətlərin inkişafına əhəmiyyət verən Çin ikitərəfli əlaqələrin yüksək səviyyədə saxlanılmasında maraqlıdır.
Ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verilir. İkitərəfli münasibətlərin dərinləşməsini Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndiririk. Bu gün əminliklə demək olar ki, münasibətlərimiz çox müsbət dinamikaya malikdir. 2024-cü ildə hökumət və parlamentin yüksəkvəzifəli üzvləri, nazirliklərin və idarələrin, Baş Prokurorluğun rəhbərləri, həmçinin Prezident Administrasiyasının və Yeni Azərbaycan Partiyasının mərkəzi aparatının rəsmi nümayəndələri Çində səfərdə olublar.
Ötən il Çinin Xalq Siyasi Məşvərət Şurasının Ümum-Çin Komitəsi sədrinin müavini və Çinin Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin sədri Azərbaycana səfər ediblər. ÇXR Baş nazirinin müavininin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında – COP29-da iştirakı əlamətdar hadisə oldu. Bu tədbirdə 196 dövlətin, 150 beynəlxalq təşkilatın və BMT strukturlarının, həmçinin təxminən 2 min QHT-nin nümayəndələri iştirak etdilər. İnkişaf etməkdə olan ölkələrə iqlim maliyyəsinin ayrılması, İtki və Zərər Fondunun fəaliyyətə başlaması, həmçinin Paris Sazişinin 6-cı maddəsinin tam reallaşdırılması COP29 çərçivəsində qəbul edilən mühüm qərarlardır.
Azərbaycan COP29-a sədrliyi çərçivəsində iqlim fəaliyyəti və dayanıqlı inkişaf arasında əlaqəni əhatə edən 14 qlobal təşəbbüslə çıxış etdi və onlar geniş beynəlxalq dəstək aldılar. Əldə olunan razılaşmalar, dəstəklənən təşəbbüslər və qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi və dünyanın iqlim gündəliyi üçün müstəsna əhəmiyyətə malikdir.
Dünya ictimaiyyəti üçün belə bir mühüm tədbirdə Azərbaycana qarşı bəzi Qərb dairələri tərəfindən genişmiqyaslı əsassız təzyiq və boykot kampaniyalarına baxmayaraq, bir daha güclü siyasi iradə və peşəkarlıq nümayiş etdirdik ki, bu da konfransı yüksək səviyyədə keçirməyə, tarixi nəticələr əldə etməyə və çoxtərəfli danışıqlarda əsl sıçrayışa imkan verdi.
İqtisadi əməkdaşlıq məsələlərində mövqelərimiz üst-üstə düşür. Biz qarşılıqlı ticarətin həcminin artmasını görürük və böyük potensial xüsusilə göz qabağındadır.
Lənkəran-Astara Regional Mədəniyyət
İdarəsinin Cəlilabad nümayəndəliyi