Ölkəmizin iqtisadi inkişafına yeni bir güc qatılmışdır. Azərbaycan iqtisadi potensialını daha da artırmışdır. Bütün bu uğurların arxasında Prezident İlham Əliyevin böyük zəhməti və liderliyi dayanır.
Dövlətimizin başçısının Mingəçevirdə “8 noyabr” Elektrik Stansiyasının açılışındakı çıxışında irəli sürdüyü mesajlar diqqəti cəlb edir. O, bildirmişdir ki, bu gün dünyada gedən prosesləri hər kəs izləyir. Bizim ətrafımızda demək olar ki, münaqişələr səngimir, əksinə, yeni münaqişə zonaları açılır. Böyük fəlakətlərə və insan faciələrinə gətirən toqquşmalar, müharibələr gedir. Biz də müharibə nədir, yaxşı bilirik. Bizim torpaqlarımız uzun illər işğal altında olmuşdur və İkinci Qarabağ müharibəsində Ermənistan nəinki bizim şəhər-kəndlərimizi və yaşayış obyektlərini məqsədyönlü şəkildə atəş altında saxlayırdı, hətta buraya da – Mingəçevirə də öz raketlərini göndərməyi də unutmamışdı – əgər belə demək mümkündürsə. Bunun da məqsədi bizim enerji infrastrukturumuzu iflic vəziyyətinə salmaq idi. Hətta İkinci Qarabağ müharibəsindən əvvəl bizi hədələmək üçün bir neçə üsuldan istifadə edən Ermənistan, o cümlədən Mingəçeviri bombalamaq, burada su bəndini dağıtmaq və Mingəçevir Elektrik Stansiyasını sıradan çıxarmaq kimi təhdidlər də səsləndirirdi. Buraya, bu əraziyə düşən həm mərmilər, həm də ki, uzaqmənzilli raketlər bunun əyani sübutudur. Bu, dinc əhaliyə, mülki infrastruktura yönəlmiş təcavüz idi və hərbi cinayətdir. Ermənistanın hərbi cinayətləri təkcə bununla məhdudlaşmır. Həm Xocalı soyqırımını törədən, həm işğal dövründə bizim yaşayış məntəqələrimizi yerlə-yeksan edən, eyni zamanda, İkinci Qarabağ müharibəsi zamanı Gəncəni, Mingəçeviri, Bərdəni, Tərtəri, Ağdamı və münaqişə zonasından kifayət qədər uzaqda yerləşən bir çox yaşayış məntəqələrini atəşə tutan Ermənistan hərbi cinayətkar dövlətdir.
44 günlük Vətən müharibəsindən sonra Qarabağ işğaldan azad olundu və ölkənin bütün diqqəti bu bölgənin bərpasına yönəldi: “Hazırda orada genişmiqyaslı quruculuq və dini tikinti işləri aparılır. İndi isə biz sülh şəraitində yaşayırıq. Beş ildir ki, Azərbaycanda sülh tam təmin edilib və əlbəttə ki, hüdudlarımızın kənarında da nə qədər tez sülh təmin edilərsə, bir o qədər həm o ölkələr üçün, həm təbii olaraq, bizim üçün də yaxşı olacaq. Ancaq reallıq budur ki, bu gün bizim ölkəmiz sabitlik, inkişaf, tərəqqi məkanı kimi dünya miqyasında tanınır və bu adı biz öz əməyimizlə, zəhmətimizlə, düşünülmüş siyasətlə qazanmışıq. Bu gün bu stansiyanın adının seçilməsi də çox vaxt aparmadı. Təklif edilən variantlar arasında Prezidentimiz tərəfindən “8 Noyabr” seçildi. Çünki bu, bizim şanlı Zəfərimizin tarixidir. Əminik ki, bu stansiyanın ömrü uzun və fəaliyyəti uğurlu olacaq. Zəfər xalqımıza, dövlətimizə yaraşır.
Rövşən Mirzəyev,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Ağdaş kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi