• Be. Sen 15th, 2025

Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir  

ByVuqar Ferzeliyev

Sen 15, 2025

       Ermənistanın 2020-ci il sentyabrın 27-də başlatdığı II Qarabağ müharibəsində iddiaları böyük idi. Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına Azərbaycanın verdiyi cavab nəticəsində 44 gün davam edən müharibədə Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. Müharibə nəticəsində işğal altındakı ərazilərinin böyük bir hissəsi azad edildi, Kəlbəcər, Ağdam və Laçın rayonlarında yerləşən Ermənistan silahlı qüvvələri isə həmin ilin sonuna qədər ərazidən çəkildilər. Bununla da torpaqlarını 30 illik işğaldan azad edən Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi.

      44 günlük müharibədə məğlub olan Ermənistan və qondarma Dağlıq Qarabağ rəhbərliyi heç bir vəchlə sülh müzakirələrinə başlamaq istəmədilər, konstruktiv davranmadılar. BMT-yə üzv olan heç bir dövlət tərəfindən müstəqilliyi tanınmayan qondarma rejimin Qarabağda fəaliyyətini davam etdirməsi qeyri-qanuni və əlbəttə ki, suveren dövlət daxilində qəbuledilməz idi.

       Tərəflər arasında imzalanan 9 noyabr sənədinə əsasən, Ermənistan və qondarma Dağlıq Qarabağ arasında əlaqəni Azərbaycan ərazisindən – Laçın üzərindən qurmalı idi. Ermənistan və qondarma Dağlıq Qarabağ rəhbərliyi bu yoldan sosial problemlərini həll etməkdənsə, Ermənistandan qondarma Qarabağa silah və sursat daşımağa üstünlük verdilər. Ermənilər mütəmadi olaraq atəşkəsi pozur, təhlükəsizliyi ciddi şəkildə təhdid edirdilər. Azərbaycan dövlətinin səbrini sınayan qondarma Dağlıq Qarabağ rejimi militarist bəyanatlarına ara vermədi.

       Azərbaycan hökuməti qətiyyətli addım ataraq, peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayının üzərində Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratdı. Bu, hakimiyyətin aliliyinin və nəzarət funksiyasının yerinə yetirilməsinin təmin edilməsi istiqamətində atılan ən ciddi addım idi. Bu, Azərbaycanın II Qarabağ müharibəsindən sonra bir güllə belə atmadan əldə etdiyi növbəti tarixi nailiyyət oldu. Buraxılış məntəqəsinin qurulması ilə Azərbaycan beynəlxalq aləm tərəfindən tanınmış bütün sərhədləri boyunca suveren hakimiyyətini və nəzarətini, başqa cür desək, ərazi bütövlüyünü təmin etdi.

      Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi.

Emil Şəmmədov,

Vətən müharibəsi iştirakçıları və

şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi