• Be. Avq 24th, 2026

İki qardaş xalqın münasibətləri ali  səviyyədədir

ByVuqar Ferzeliyev

Avq 24, 2026

 Möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin Özbəkistana rəsmi səfəri ilə iki ölkə arasında münasibətlərin inkişafında yeni dövrün başlanğıcı qoyuldu. Müxtəlif sahələri əhatə edən mühüm sənədlərin imzalanması ilə bundan sonra əlaqələrin inkişafı üçün hüquqi baza formalaşdırıldı. Avqustun 23-də Daşkənddə Azərbaycan və Özbəkistan Prezidentlərinin təltifolunma mərasimi keçirilib. Prezident Şavkat Mirziyoyev ali dərəcəli “Dostluq” ordenini dövlətimizin başçısına təqdim etdi. Möhtərəm Prezidentimiz cənab  İlham Əliyev “Heydər Əliyev” ordenini Özbəkistanın dövlət başçısına təqdim etdi.

Üç il əvvəl 500 milyon ABŞ dolları məbləğində ümumi kapitalla təsis edilən Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti ölkələrimiz arasında investisiya əməkdaşlığının inkişafı üçün mühüm platformaya çevrilib. Şirkət həm Azərbaycanda, həm də Özbəkistanda iqtisadiyyatın müxtəlif sektorlarında perspektivli layihələrin maliyyələşdirilməsinə və həyata keçirilməsinə əhəmiyyətli töhfə verir.

Bundan əlavə, Hökumətlərarası Komissiya iqtisadi, ticari, investisiya və digər sahələrdə əlaqələrin inkişafında mühüm rol oynayır. Bu günə qədər komissiyanın 15 iclası keçirilib. Bu yaxınlarda Daşkənddə keçirilən son iclasda Azərbaycan-Özbəkistan iqtisadi-ticari əməkdaşlığının mövcud vəziyyəti, qazanılan nailiyyətlər və inkişafın gələcək istiqamətləri ətraflı müzakirə olunub.

Həmçinin energetika sektorunda əməkdaşlığımız fəal şəkildə inkişaf edir. Özbəkistanın OZLITINEFTGAZ institutu və “SOCAR NIPI Nefteqaz”ın bazasında yaradılan “Neftegaztexnologiya” birgə müəssisəsi 2016-cı ildən bəri neft-qaz sahəsində uğurla fəaliyyət göstərir. Bundan əlavə, 2024-cü ildə yaradılan SOCAR və “Özbəknefteqaz” SC arasında birgə müəssisə olan “Turan Energy AFEZCO” “Azərikimya” İstehsalat Birliyi tərəfindən istehsal olunan yüksəktəzyiqli polietilenin Özbəkistana ixracını həyata keçirir.

Yaşıl enerji sahəsində əməkdaşlığımız da davam edir. 2025-ci ildə Azərbaycan, Qazaxıstan və Özbəkistanın müvafiq energetika idarələri tərəfindən Bakıda “Yaşıl Dəhliz Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis olunub. Bu birgə müəssisə Azərbaycan-Mərkəzi Asiya yaşıl enerji dəhlizi layihəsinin həyata keçirilməsini, bərpaolunan enerji ixracını və onun Xəzər dənizinin dibi ilə nəqli imkanlarını əlaqələndirmək məqsədilə yaradılıb. İki ölkə arasında tranzit daşımalarında artım müşahidə olunur. 2025-ci ildə daşımaların həcmi 6,7 faiz artıb və 1,4 milyon tona çatıb.

                                                                                                   Ələkbər Dövlətov,

                                                                         Lənkəran Regional Qaz İstismar İdarəsi idarə

                                                                         rəisinin müavini 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir