• Şb. Dek 6th, 2025

Texnoloji inkişafa diqqət

ByVuqar Ferzeliyev

Noy 4, 2025

      Prezident İlham Əliyev AMEA-nın 80 illiyi münasibətilə keçirilmiş yığıncaqda bəyan etmişdir ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, məhz cəmiyyətin intellektual potensialı, texnoloji inkişaf, elmin inkişafı müəyyən edir. Yəni, təbii resurslar bizim üçün sadəcə olaraq bir vasitədir, bir imkandır ki, biz təbii resursların ixracından əldə etdiyimiz vəsaiti insan kapitalına yönəldək, texnoloji inkişafa yönəldək ki, gələcəkdə bizim inkişafımız dayanıqlı olsun. Hər kəs yaxşı bilir ki, təbii sərvətlər tükənən sərvətlərdir, gec-tez tükənəcək. Tükənməz sərvət isə intellektual potensialdır. Ona görə bu gün əsas vəzifələrdən biri texnoloji inkişafdır.

      On il bundan əvvəl süni intellekt barədə heç kim heç nə danışmırdı. Bu gün artıq bu, ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir. Biz burada geri qalmamalıyıq. Ona görə dövlət lazımi addımları atır. Biz hər zaman əsas aparıcı xəttin, yəni, “mainstream”in, əgər belə demək mümkündürsə, arxasınca gedirik və geri qalmamalıyıq. Ona görə Azərbaycanda süni intellektin həm inkişafı, həm də həyatda, iqtisadiyyatda, texnoloji inkişafda tətbiqi bu gün reallıqdır və əlbəttə ki, biz burada Azərbaycan alimlərinin fəal iştirakını gözləyirik.

       Prezident qeyd edib ki, islahatlar nəticəsində əldə edilmiş uğurlar rəqəmsallaşma ilə bağlıdır, rəqəmsallaşmanı ölkəmizdə geniş miqyasda tətbiq edirik və bunun faydasını görürük. Biz görürük ki, rəqəmsallaşma olan sahələrdə artıq işin keyfiyyətinin əmsalı da artır, səmərə də artır və nəticə etibarilə daha gözəl nəticələr hasil edilir. 

      Digər vacib məsələ kibertəhlükəsizliklə bağlıdır. İndi dünyada kiberhücumlar geniş vüsət alıb. Azərbaycan da bu hücumlara bu il məruz qalmışdır və Kibertəhlükəsizlik Mərkəzinin yaradılması vaxtında atılmış addımdır. Bu gün dünyada qaydalar tamamilə dəyişib. Beynəlxalq təşkilatlar, yəni, onların bir çoxu iflic vəziyyətindədir. Biz həm özümüzü müdafiə etməliyik, həm də ki, bizə zərər vermək istəyənlərə də layiqli cavab verməliyik.

Rahib Kərimov,

Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru