• Be. Noy 25th, 2024

MEDİANIN İNKİŞAFINDA YENİ MƏRHƏLƏ

ByYenigun.news

İyl 16, 2021

1875-ci ildə “Əkinçi” qəzetinin nəşrinə başlamaqla Azərbaycanın milli mətbuat tarixinin əsasını qoyan görkəmli ziyalı Həsən bəy Zərdabi qeyd edirdi ki, mətbuat cəmiyyətin aynasıdır. 146 illik mətbu yolumuz bu həqiqətin bütün dövrlər üçün aktual olduğunu tam təsdiqlədi. Eyni zamanda agah olduq ki, mətbuat təkcə xəbər istehsal edən və onu oxucu auditoriyasına çatdıran, sadəcə maarifləndirmə, məlumatlandırma funksiyasını yerinə yetirən vasitə deyil. Onun missiyası funksiyasından genişdir. Media ictimai münasibətləri tənzimləyən, dövlətlə vətəndaş arasında mənəvi-ideoloji körpü yaradan, hətta dövlətçilik ənənələrinin, milli maraqların, milli-mənəvi dəyərlərin qorunmasını təmin edən çox mühüm amildir. Mətbuat, eyni zamanda, milli irsin qorunmasına və xalqın öz tarixi mirasına sahib çıxmasına imkan verən strateji alətdir. Ona görə də zamanın axarında ictimai rəydə “medianın inkişafı milli məsələdir, hər bir fərdin, cəmiyyətin mənafeyini, dövlətin maraqlarını əks etdirən zərurətdir” düşüncəsinin formalaşması təsadüfi deyil.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə yaradılmış Medianın İnkişafı Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması dövlətimizin başçısının diqqət mərkəzindədir. KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar mətbuata və mətbuatişçilərinə qayğının göstəricisidir. Dövlət başçısının Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında yaşayış binaları tikilib jurnalistlərin istifadəsinə verilmişdir. Eyni zamanda, Mətbuat Şurası üçün yeni binanın ayrılması və onun müasir avadanlıqla təmin edilməsi ölkəmizdə azad mətbuatın inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmasının sübutudur.
146 il zaman baxımından kifayət qədər uzun müddətdir və Azərbaycan xalqı bu dövr ərzində mürəkkəb, fərqli ictimai-siyasi şəraitdə öz taleyi ilə bağlı mühüm qərarlar edib. İki dəfə müstəqilliyin qazanılmasından tutmuş ümummilli xarakterli taleyüklü hadisələrin qeydə alınmasına qədər müxtəlif məsələləri özündə ehtiva edən böyük tarixi yol qət edib. Elə milli mətbuatımız da bəhs olunan dönəmlərdə ən müxtəlif təsirlərə məruz qalıb. Müstəqillik dövründə Azərbaycan mediası ilə bağlı bir sıra addımlar atılsa da, uzunmüddətli inkişafa dair konkret nəticələr verməyib. Peşəkar mediaya sahib olmaq arzusunu müəyyən müddət, necə deyərlər, təxirə salmalı olmuşuq. Axtarışlar davam edib və nəhayət, medianın inkişafının real düsturu müəyyənləşdirilib: milli-tarixi ənənələrin və mütərəqqi çağırışların nəzərə alınması ilə mətbuatda yeni nəsil islahatların reallaşdırılması. Əlbəttə, bunun üçün yeni konseptual baxış və fərqli tənzimləmə mexanizminin yaradılması lazım idi. Beləliklə, islahatçı lider olan Prezident İlham Əliyevin müvafiq Fərmanı əsasında Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılması ilə milli mediamızın inkişafı tarixində yeni keyfiyyət mərhələsinin əsası qoyuldu.
Yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini labüd edir. Qanunvericilik müstəvisində mətbuatın inkişafına verilmiş ən böyük töhfələrdən biri 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul olunması olmuşdur. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir, mətbuatın bütün sahələrdə funksionallığı sürətlə artır. Qabaqcıl texnologiyalar media sektoruna daxil olduqca yeni trendlər meydana gəlir. Bu gün jurnalistlərin, milli mediamızın qarşısında cəmiyyəti daha obyektiv, daha peşəkar şəkildə məlumatlandırmaq missiyası durur. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın qarşısıalınmaz tələbidir. Bununla əlaqədar, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır.
Qənimət İsrafilova, Cəlilabad rayon Mərkəzləşmiş Kitabxana Sisteminin müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir