İyulun 14-də qardaş Türkiyənin nüfuzlu telekanallarından olan “CNN Türk”ə geniş müsahibə verən Prezident, Ali Baş Komandan İlham Əliyev yenə birmənalı, qətiyyətli və cəsarətli mövqeyini bütün dünyaya nümayiş etdirdi. Bu müsahibədə hər kəsə cavab var idi, xüsusilə də bizi istəməyənlərə, yenə “bulanıq suda balıq tutmaq sevdası”na düşənlərə. Dövlətimizin başçısı müsahibəsində qeyd etdi ki, “Biz öz mövqeyimizi dəfələrlə bildirmişdik. Mən bir neçə dəfə öz sözümü açıq demişdim ki, biz istəyirik Ermənistanla sülh müqaviləsi imzalansın. Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası, yəni, müəyyən edilməsi prosesi də başlasın. Ancaq bu günə qədər Ermənistandan müsbət cavab almamışıq. Belə görünür ki, Ermənistan buna hazır deyil, ya da bunun əleyhinədir. Mən söylədim ki, bu, böyük yanlışlıq olar və onlar özləri də peşman olacaqlar”. Prezident həmçinin vurğuladı ki, bu təklif masa üzərində əbədi qala bilməz. Yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi bizim maraqlarımıza cavab verir”. Müsahibədə də vurğulandığı kimi, Zəngəzur dəhlizinin açılması Ermənistanın da maraqlarına cavab verir. Çünki Zəngəzur dəhlizi onların da maraqlarına xidmət edəcək. Onlar da dəmir yolu ilə həm İran, həm də Rusiya ilə əlaqə yarada bilərlər. Bütövlükdə iqtisadi münasibətlərin bərpası, nəqliyyat dəhlizlərinin qısa müddətdə işə salınması bir tərəfdən region üçün böyük əhəmiyyət daşıyırsa, digər tərəfdən də iqtisadiyyatı ianələr üzərinə qurulan Ermənistan üçün yeganə çıxış yoludur. Prezident İlham Əliyevin eyni zamanda Azərbaycanın tolerant, çoxkonfesiyalı bir dövlət olmasını, xalqların bir yerdə əsrlər boyu mehriban yaşadıqlarını xatırlaması və Rusiya sülhməramlılarının məsuliyyət zonasında Azərbaycan ərazilərində olan ermənilərə çağırış etməsi bu millətin nümayəndələri üçün də bir şansdır. Onlar güclü Azərbaycan dövlətininvətəndaşları kimi yaşaya bilərlər. Çünki Zəngəzur dəhlizi onların da maraqlarına xidmət edəcək. Onlar da dəmir yolu ilə həm İranla, həm Rusiya ilə əlaqə yarada bilərlər. Bu günə qədər bu əlaqə yoxdur və onlar üçün də yeni fürsətlər ortaya çıxacaq. Ancaq çox təəssüf ki, illərdir, əsrlərdir Ermənistanda, ermənilər arasında ifrat zərərli ideyalar insanların və hakim dairələrin beyinlərini zəhərləyib ki, onlar bunu istəsələr də, dilə gətirə bilmirlər. dövlətimizin başçısı qeyd etdiyi kimi, Ermənistanda cəmiyyət və hakimiyyət çox çətin bir psixoloji durumdadır. Çünki onların 30 il ərzindəki ideoloji sütunları, ərazi iddiaları, hərbi gücü darmadağın edilib. Əgər Ermənistan buna hazırdırsa, əgər Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü tanımağa hazırdırsa, onda əlbəttə ki, bölgəyə uzunmüddətli sülh gələcək. Biz bunu istəyirik və eyni zamanda, buna nail olmaq üçün indi konkret təkliflər də masa üzərindədir.
Fərqanə Məmmədova, YAP Cəlilabad rayon təşkilatı Qadınlar şurasının sədri