Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şuşaya növbəti səfəri tarixin daha bir şanlı səhifələrindən oldu. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın doğma Qarabağımızdakı qısa zaman kəsiyində aparılan quruculuq işləri ilə tanış olmaları, festivalların, poeziya günlərinin, mədəni və digər tədbirlərin keçirilməsi Azərbaycan adlı dövlətin qüdrətini bir daha bütün dünyaya göstərdi. Şuşada Vaqif Poeziya Günlərinin yenidən keçirilməsi isə nəinki tərcümeyi-halımızda, hətta taleyimizdə tarixi hadisədir. Erməni işğalı dövründə Şuşada dağıdılmış abidələr bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bərpa etdirilib. Vaqif məqbərəsi yenidən ucalır. Bu günlər üçün haqlarını heç zaman ödəyə bilməyəcəyimiz ölkə başçımıza, qəhrəman Silahlı Qüvvələrimizə minnətdarıq. Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Bu günlərdə dövlətimizin başçısı xalqımıza daha bir qürur və sevinc hissi yaşatdı. Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyeva ilə birlikdə Şuşaya növbəti səfəri mühüm tarixi, mədəni hadisələrlə yadda qaldı. Şuşanın baş planının təqdim edilməsi, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, büstünün, Bülbülün ev-muzeyinin, Üzeyir Hacıbəylinin heykəlinin açılışları, “Qarabağ” hotelinin istifadəyə verilməsi, “Otel və Konfrans Mərkəzi”nin təməlinin qoyulması mədəniyyət paytaxtımızda həyata keçirilən yenidənqurma işlərinin tərkib hissələridir.
Şuşa Azərbaycan xalqı üçün milli simvoldur. Şuşa Azərbaycan üçün milli qürurdur, milli mənlikdir, mədəniyyətdir, incəsənətdir, tarixdir. 28 illik işğaldan sonra müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Şuşanı işğaldan azad etməsi Qarabağın döyünən ürəyinin xilas edilməsi demək oldu. 270 illik tarixi olan Şuşa şəhəri bu gün dirçəliş, inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfəri zamanı “Qarabağ” hotelinin, dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstünün, muzey-məqbərə kompleksinin, Xalq artisti Bülbülün ev-muzeyinin, görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəlinin açılış mərasimlərində iştirak etməsi, bir sıra yeni layihə və obyektlərin təməlini qoyması bir daha Şuşanın yeni intibah mərhələsinə daxil olduğunu isbatlayır.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalından sonra Vaqif Poeziya Günlərinin keçirilməsi ənənəsinin bərpası isə mühüm mədəni, ictimai-siyasi hadisə olmaqla düşmənə və onun havadarlarına əsl gözdağı oldu. Azərbaycan Prezidentinin və birinci xanımın Şuşaya hər səfəri zamanı böyük dəyişikliklərin, yeniliklərin şahidi oluruq. Görülən işlər Müzəffər Ali Baş Komandanın Şuşanın işğaldan azad edildiyi gün xalqa müraciətində söylədiyi “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözlərin çox qısa bir zamanda reallaşdığını sübut edir. Şuşanın baş planı əsasında yeni yaşayış kompleksinin təməlinin qoyulması o deməkdir ki, Şuşa sakinləri qısa vaxtda doğma şəhərlərinə qayıdacaqlar və orada əbədi yaşayacaqlar. Yaxın zamanlarda Şuşada daha çox yerli və beynəlxalq tədbirlərin təşkili mümkün olacaq ki, bu da strateji baxımdan şəhərin əhəmiyyətini daha da gücləndirəcək. Şuşada beynəlxalq tədbirlərin təşkili şəhərin əhəmiyyətini strateji baxımdan daha da gücləndirəcək.
Eyvaz Məmmədov, ADPU Cəlilabad filialının direktor müavini