Hadrut əməliyyatı həm strateji, həm də mənəvi-psixoloji baxımdan çox böyük əhəmiyyət kəsb edirdi. Bu əməliyyat İkinci Qarabağ müharibəsindəki əməliyyatlar sırasında xüsusi əhəmiyyət daşıyan əməliyyatdır. Həm hərbi nöqteyi-nəzərdən, həm strateji nöqteyi-nəzərdən bu əməliyyatın çox böyük əhəmiyyəti var idi. Bu əməliyyatın uğurla başa çatması imkan verdi ki, Azərbaycan Ordusu öz hədəfinə – Qarabağın azad edilməsinə nail oldu. Hadrutun yerləşməsi bu bölgədə strateji nöqteyi-nəzərdən xüsusi əhəmiyyətə malikdir. Qəsəbə ətrafında yerləşən təpələr böyük əraziyə nəzarət etməyə imkan verir və Hadrutu götürmək hərbi nöqteyi-nəzərdən çox çətin idi.
Ölkə Prezidenti cənab İlham Əliyevin oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə etdiyi tarixi səfərlə bu ərazilərin gələcək inkişafı ilə bağlı planların icrasına start verildi. Dövlət başçısının səfəri zamanı etdiyi açılışlar və qatıldığı təməlqoyma mərasimləri bir daha Azərbaycanın yaradıcı ruhunu və iqtisadi gücünü bütün dünyaya nümayiş etdirdi.
Hadrutun inkişafı ilə bağlı perspektiv planlar genişdir. Hadrut beynəlxalq mədəniyyət və turizm mərkəzi olacaqdır. Hadrut işğaldan azad olunmuş bütün digər ərazilər kimi bərpa olunacaqdır. Azərbaycan Hadrutu bərpa edəcək. Hadrutun baş planının ilk layihəsi artıq hazırlanıb. Yaxın 1 ay ərzində bizim memarlar, inşaatçılar yeni plan üzərində işləyəcək və həmin plan təsdiq olunacaqdır. Artıq Hadrutun bərpası işlərinə start verildi. Avtomobil yolunun təməli qoyuldu. Dördzolaqlı Hadrut-Cəbrayıl, Hadrut-Füzuli avtomobil yolları çəkiləcək, “Hadrut” yarımstansiyası tikiləcək, onun təməli qoyuldu və Hadrutda məscidin tikintisinə də start verildi. Eyni zamanda, artıq yarımstansiya, yol əsas infrastruktur layihələrindən biridir və digər layihələr də icra ediləcək. Hadrutun tarixi hissəsi yenidən qurulacaq. Tarixi abidələrlə zəngin olan bu yerlərdə turizm mərkəzləri və otellər tikiləcəkdir. Hadrut kənd təsərrüfatının inkişafı üçün böyük potensiala malikdir. Qəsəbənin və Xocavənd rayonunun inkişafı ilə bağlı əsas istiqamət kənd təsərrüfatı olacaq – bitkiçilik, heyvandarlıq, üzümçülük. Burada üzümçülük ənənələri olubdur, üzüm üçün çox münbit şərait var. Maraqlıdır ki, Vətən müharibəsi başa çatandan dərhal sonra artıq bəzi Qərb dövlət liderləri Azərbaycanın nəzarətinə keçən azad edilmiş torpaqlarda xristian məbədləri ilə bağlı məsələ qaldırırdılar. Bu kimi məsələ qaldıranlar çox zaman müsəlman məbədlərinin talan və təhqir edilməsinə, dağıdılmasına göz yuman və hətta bu əməlləri törədənlərə bəraət qazandıranlar olublar. Onların qaldıırdıqları məsələlər barədə danışmağa ümumiyyətlə haqqları yoxdur. Azərbaycan dövləti, Azərbaycan xalqı hər zaman ölkəmizin ərazisində olan bütün məbədləri tarixi sərvətimiz hesab edib. Bundan sonra da bütün dini konfessiyaların nümayəndələri ölkəmizdə dostluq, qardaşlıq şəraitində yaşayacaqlar.
Hadrut əməliyyatının əhəmiyyəti ondadır ki, Ermənistan rəhbərliyi və Ermənistan ordusu gözləmirdi ki, biz Cəbrayıldan sonra Hadrut istiqamətinə gedəcəyik. Onlar hesab edirdilər ki, biz Füzuli istiqamətinə gedəcəyik. Baxmayaraq ki, Hadrutda onların çox böyük canlı qüvvəsi var idi, bizi gözləmirdilər. Çünki hərbi nöqteyi-nəzərdən Hadrutu götürmək doğrudan da çox böyük fədakarlıq və peşəkarlıq tələb edirdi. Biz bu əməliyyatı keçirməklə öz gücümüzü bir daha Ermənistana və bütün dünyaya göstərdik. Göstərdik ki, heç kim və heç nə bizim qabağımızda dura bilməz, nəyin bahasına olursa-olsun, biz bütün torpaqlarımızı azad edəcəyik.
İslam İsgəndərov, Cəlayir kənd sakini, ziyalı