• Ça. Apr 16th, 2024

AZƏRBAYCAN KORONAVİRUSA QARŞI
MÜBARİZƏNİN ÖNCÜLÜDÜR

ByYenigun.news

Apr 29, 2021

Son günlər dünyada koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı yenidən artmaqdadır. Dövlətimiz koronavirus pandemiyasına qarşı sistemli şəkildə mübarizə aparmaqla üzərinə düşən bütün vəzifələri yerinə yetirir. Bu istiqamətdə görülən işlər Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi nəzarətindədir. Çıxışları zamanı dövlət başçımız dönə-dönə bildirib ki, Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması hər şeydən öndədir. Məlum olduğu kimi, Prezident İlham Əliyevin 2021-ci il 26 aprel tarixində BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında çıxışı bölgədə və ölkə xaricində böyük maraq doğurmuşdur. Prezident öz çıxışında göstərmişdir ki, COVID-19 pandemiyası dünya ölkələrini yeni çağırışlarla üz-üzə qoymuşdur. Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə gedir. Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının təşəbbüskarı olmuş və onu uğurla keçirmişdir. Azərbaycan hökuməti ilk günlərdən pandemiya ilə mübarizə istiqamətində zəruri addımlar atmışdır. Koronavirusun iqtisadiyyata təsirinin azaldılması, özəl sektorun dəstəklənməsi, makroiqtisadi və maliyyə dayanıqlığının təmin olunması məqsədilə geniş sosial-iqtisadi paket təqdim edilmişdir. Prezidentimizin təşəbbüsü ilə ötən ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilmişdir. Prezident demişdir ki, Azərbaycanda yanvar ayından etibarən vaksinasiyaya başlanmışdır. İndiyədək 1.4 milyon vaksin istifadə olunmuşdur ki, bu da əhalimizin 14 faizini təşkil edir. Azərbaycan koronavirusla bağlı əksəriyyətinin ən az inkişaf etmiş olduğu 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir. Lakin yalnız milli səviyyədə həyata keçirilən səylər dünyada pandemiyanın aradan qaldırılması üçün kifayət etmir. “Vaksin millətçiliyi”, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsü bizi dərindən narahat edir. Dünyada mövcud vaksinlərin 53 faizi 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilib. Azərbaycan həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirəcəkdir. Bu yaxınlarda BMT-nin İnsan Hüquqları Şurası Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından irəli sürülmüş, ölkələrin vaksinlərə bərabər çıxışı ilə bağlı qətnaməni yekdilliklə qəbul etmişdir. Ölkəmizdə koronavirus (COVID-19) infeksiyası ilə mübarizə məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi, diqqət və qayğısı sayəsində bölgələrdə koronovirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tədbirlər görülür. Hazırda “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq rayonumuzda da peyvəndləmə davam etdirilir. Ümid edirik ki, dövlətimizin gördüyü tədbirlər nəticəsində tezliklə bu bəladan xilas olacağıq.

Əliyusub Aslanov, Cəlilabad rayon Tibb Kollecinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir