• Ca. Dek 26th, 2024

MİLLİ HƏMRƏYLİYİN BARİZ NÜMUNƏSİ

ByYenigun.news

Mar 14, 2021

Martın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı keçirilib. Qurultayda Azərbaycan Xalq Demokratik Partiyasının, Azərbaycan Kəndli Partiyasının, Milli Qurtuluş Partiyasının, Azərbaycan Yurddaş Partiyasının, Azərbaycan Milli Hərəkat Partiyasının və Azərbaycan Demokratik Sahibkarlıq Partiyasının Yeni Azərbaycan Partiyasına birləşmək haqqında müraciətləri qəbul edilib.
Bu, ölkədə çox mühüm faktor olan həmrəyliyin, iqtidar-müxalifət, dövlət-xalq birliyinin ən bariz təzahürüdür. Partiyaların kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına qoşulması ilə bağlı qərar Azərbaycan, milli və dövlətçilik maraqları naminə atılmış addımdır. Azərbaycanın siyasi partiyaları bəyan ediblər ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan Ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik.
Məhz YAP-ın lideri cənab İlham Əliyevin səyləri sayəsində torpaqlarımız düşməndən azad edilib, milyonlarla Azərbaycan vətəndaşının çoxdan gözlədikləri Zəfər xalqımıza qismət olub. Doğrudur, bu müharibədə itkilərimiz də olub, şəhidlər vermişik. Lakin onların qisası yerdə qalmayıb. Şanlı hərbçilərimizin ölümünə bais olanlar həmişə olduğu kimi, ən ağır şəkildə cəzalarını alıblar. Allah şəhidlərimizə rəhmət etsin!

    Qeyd etmək lazımdır ki, qanlı toqquşmalara yol verilməməsi naminə atəşkəs rejiminin tətbiq olunmasına baxmayaraq, erməni tərəfinin təmas xəttində və sərhəd zonalarında vaxtaşırı qanlı təxribatlar törətməsi pis adət halını alıb. Erməni rəhbərliyi birinci dəfə deyildir ki, öz ölkəsi daxilində üzləşdiyi və həlli qarşısında aciz qaldığı ağır problemlərdən sərhəddə və ya təmas xəttində iyrənc hərbi təxribatlar törətməklə yaxa qurtarmağa çalışırdı. Ağır epidemioloji vəziyyətdən və sosial iqtisadi sıxıntılardan cana doymuş xalqın qəzəbindən yayınmaq üçün Paşinyanın diktatura rejiminin hərbi təxribatlara əl atması onun yürütdüyü siyasətin Ermənistanın əvvəlki xunta rejimlərinin yürütdüyü siyasətdən azacıq da olsa fərqlənmədiyinin göstəricisi idi. Azərbaycanın davamlı olaraq artan gücü, beynəlxalq nüfuzu, hərbi qüdrəti, diplomatiyamızın uğurları və bütün bunların məntiqi nəticəsi olaraq dünya birliyinin ermənilərin mənfur siyasətinin həqiqi sifətini tanıması, habelə Ermənistanın Dağlıq Qarabağın müstəqilliyinə bəslədiyi xülyaların puç olması xain və qisasçı erməni siyasi rejimini hərbi təxribatlar törətmək kimi təhlükəli və qanlı üsullara əl atmağa vadar edən digər səbəblər oldu. Ancaq bütün bu düşünülməmiş cəhdlər heç bir nəticə vermədi.  Cəmiyyətimizin, onun siyasi qüvvələrinin birliyi bu işdə xüsusi rol oynadı.  Ona görə ki, ölkədə fəaliyyət göstərən siyasi partiyalar öz proqramlarında başlıca məqsəd kimi Azərbaycanın ərazi bütöblüyünün bərpasını və “turançılıq” ideologiyasını nəzərdə tutmuşlar. 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə, həmçinin Azərbaycan-Türkiyə birliyinin yüksək səviyyədə olması bir çox partiyaların siyasi proqramlarında göstərilmiş əsas məqsədə çatmalarına səbəb olmuşdur. 
    Beləliklə,  hesab etmək olar ki, əgər bir partiya digər partiya ilə eyni düşüncə, məram və dəyərləri bölüşürsə, eyni ideya daşıyıcısıdırsa, qarşıya qoyulan məqsədlər arasında ciddi fərqlər yoxdursa, o zaman Azərbaycan naminə milli güclərin, siyasi qüvvələrin konsolidasiyasına nail olmaq baxımından bir arada olmaları, birləşmələri daha məqsədə uyğundur: 
    Dövlətimizin başçısı qultaydakı nitqində deyib:: “Həyat dəyişir, zəmanə dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın. Mən buna şübhə etmirəm. Bizim dost partiyalarımızın bu gün partiyamıza qoşulması da bunu göstərir. Bu da çox önəmli, əlamətdar hadisədir Bu da siyasi sistemimizin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır”. 
   Prezident eyni zamanda birgə fəaliyyətlə bağlı əlavə addımlar da atılacağını bəyan edib, partiyamızın yeni proqramı da hazırlanması təklifini irəli sürüb . Düşünürük ki, Azərbaycanda milli maraqların üstünlük təşkil etdiyi yeni bir dövr bərqərar olur, yeni  proqram yeni dövrlə bağlı bütün məsələləri özündə ehtiva edəcək. Siyasi rəqabətin əsas aləti olaraq partiyaların güclənməsi insanların maraqlarının müdafiə olunmasında yeni imkanlar yaradacaq. Bu yolda Prezidentimizin təşəbbüslərinə daim dəstək vermək isə bizim vətəndaşlıq borcumuzdur. 
              Hafiz Cavadov, 

Cəlilabad rayon Təhsil Şöbəsi müdirinin müavini.

Yenigun.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir