• Şb. Okt 12th, 2024

“Moskvaya zəng edirdilər ki, Azərbaycana deyin müharibə dayansın”

ByYenigun.news

Apr 12, 2021

“Biz Ermənistana şans verirdik. Hələ 2016-cı ildə Aprel döyüşləri zamanı şans verdik. Ovaxtkı xunta başçısı Sarkisyan acı məğlubiyyətdən sonra mənə torpaqları bizə qaytarmaq sözü vermişdi. O vaxt Aprel döyüşləri gedə-gedə onlar gecə-gündüz Moskvaya, Rusiyanın Baş qərargah rəisinə zəng edirdilər ki, Azərbaycana deyin müharibə dayansın, yalvarırdılar. Biz o şərtlə dayandırdıq ki, dərhal danışıqlar başlasın və başlamışdır”.

“Yenigun.news” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edən zaman deyib. 

Dövlət başçısının sözlərinə görə, müharibə dayanandan bir ay sonra Vyanada artıq Minsk qrupunun həmsədr ölkələrinin xarici işləri nazirləri səviyyəsində görüş keçirilib: “Nə üçün o vaxta qədər bu səviyyədə görüş keçirilmirdi? Amma Aprel döyüşlərində biz ermənilərin başına bir zərbə vurandan sonra dərhal may ayında görüş keçirildi. İyun ayında Rusiyada zirvə görüşü keçirildi. Sarkisyan mənə söz vermişdi ki, ona iki həftə vaxt lazımdır. Mən söz verirəm ki, bunu həll edəcəyəm. Dedim yaxşı, çıxdı getdi. Ondan sonra orada ya özləri təşkil etmişdilər, ya da özü-özlüyündə belə bir hadisə baş vermişdir, polis bölməsini zəbt etmişdilər. Bunu bəhanə gətirərək imtina etdi. Yenə də bizi aldatdılar. Tək Sarkisyan yox, onların hamısı. 2018-ci ildə Naxçıvan əməliyyatı, yenə də onlara dərs verdik, yenə də göstərdik ki, axırı pis olacaq, məhv edəcəyik sizi. O da dərs olmadı. O da düşdü hakimiyyət dəyişikliyinə. Ermənistana təzə hakimiyyət gəlmişdi. Ondan bir ay sonra biz Naxçıvanda sərhəddə uğurlu əməliyyat keçirərək önəmli strateji yerləri götürmüşdük və artıq Qarabağa gedən yola tam nəzarət edirdik. Müharibə dövründə, – indi bu, sirr deyil, – bilirdik ki, Dağlıq Qarabağa nə aparılır. İstənilən an o yolu kəsə bilərdik. Sadəcə olaraq, buna ehtiyac yox idi. O da dərs olmadı. Ondan sonra yeni hakimiyyət bizdən vaxt istədi. Dedi ki, vaxt verin biz burada daxili problemləri, köhnə xunta nümayəndələrinin problemlərini həll edək, biz həll edəcəyik. Bizi yenə də aldatdılar. Ondan bir il sonra Ermənistan baş naziri Dağlıq Qarabağda demişdi ki, “Qarabağ Ermənistandır”. Bu, nə deməkdir? O deməkdir ki, danışıqlar qurtardı, mənasızdır. Bu, danışıqların sonu idi. Təxribat xarakterli digər addımlar, hərəkətlər, çıxışlar göstərirdi ki, Ermənistan torpaqları qaytarmaq istəmir. Azad edilmiş torpaqlarda gördüyümüz mənzərə, sizin dəf etdiyiniz o təmas xətləri, o müdafiə xətləri göstərir ki, bir qarış torpaq vermək istəmirdilər. Başımızı aldatmaq, öz himayədarlarına arxalanmaq, onlardan müftə silah almaq, siyasi dəstək almaq, onların ölkələrində yaşayan lobbiçilərdən istifadə etmək və bizi bu vəziyyətdə əbədi saxlamaq – bu idi onların niyyəti. Ondan sonra iyul ayında dövlət sərhədində təxribatlar törədildi, avqust ayında diversiya qrupu göndərildi və sentyabr ayında artıq İkinci Qarabağ müharibəsi başlamışdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir