• Ca. Apr 18th, 2024

MÜHÜM STRATEJİ ƏHƏMİYYƏTLİ ŞUŞA BƏYANNAMƏSİNİ ALQIŞLAYIRIQ

ByYenigun.news

İyn 17, 2021

Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən uca zirvəsinə yüksəlib. Xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər ortaq dəyərlərə, sıx bağlara malik olması ölkələrimizi həmişə bir-birinə yaxın edib. Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal altındakı torpaqların düşməndən azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımızın hər bir nümayəndəsi tərəfindən yüksək qiymətləndirilir. Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region ölkələri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində ölkələrimizin birgə təşəbbüsləri dünya dövlətləri üçün ən gözəl nümunədir.
Dövlətimizin başçısı İlham Əliyevin Şuşada türkiyəli həmkarına “Doğma Vətəninizə xoş gəlmisiniz!” müraciətinin bir daha bu birliyin daimiliyinin, ən əsası ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” müdrik kəlamının reallığa əsaslandığının dünyaya təqdimatı oldu. Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları da bu birliyin təqdimatıdır. Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsində bir çox önəmli məsələlər öz əksini tapıb: beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti. Həmçinin Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir. Ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edən Bəyannamə iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır.
Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir İmzalanmış Bəyannamə eyni zamanda tarixə əsaslanır. Bu sənəddə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdir ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. XXI əsrdə azad edilmiş Şuşada müttəfiqlik Bəyannaməsinin imzalanması bu cür yanaşma və fəlsəfənin təcəssümüdür.
Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. İki ölkə arasında müdafiə sənayesi və hərbi sahədə əməkdaşlığın gücləndirilməsi, Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa edilməsi, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı məsələlərinin xüsusi yer alması uğurlu gələcəkdən xəbər verir. Bu gün biz Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır. Bu, bir daha göstərir ki, biz bundan sonra da hər zaman bir yerdə olacaq, bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatının tələblərinə uyğun olaraq sülhün təmin edilməsi mexanizmləri çərçivəsində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyəti də qardaş ölkənin bölgədə rolunun, birliyimizin təsdiqidir.
Vətən müharibəsində qardaş ölkənin mənəvi və siyasi dəstəyi ilə 30 ilin işğalına son qoyuldu. Artıq yeni dövrə qədəm qoyulub. Türkiyə Prezidentini Füzulidə qarşılayan dövlətimizin başçısı İlham Əliyev Şuşaya gedərkən mənfur düşmənin ərazilərimizdə nə kimi vəhşiliklər törətdiyini göstərərək bu gün bu ərazilərin bərpası istiqamətində konkret strategiyanın həyata keçirildiyini bildirdi. Türkiyə şirkətlərinin bu prosesdə fəal iştirakı əsl dost, qardaş dəstəyidir. Azərbaycan dost ölkələrin Vətən müharibəsində respublikamıza göstərdikləri mənəvi-siyasi dəstəyi yüksək dəyərləndirir. Elə işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinə məhz dost ölkələrin şirkətləri cəlb olunur. Bəhs olunan ərazilərdə layihələrin reallaşdırılmasında Türkiyə şirkətləri də yaxından iştirak edirlər. Bir sözlə, Azərbaycan və Türkiyə həmişə bir yerdədirlər. Qardaş Türkiyənin Prezidentinin Şuşaya səfərə gəlməsi bir daha təsdiqləyir ki, iki ölkə Vətən müharibəsində qazanılan böyük Qələbənin sevincini birgə yaşayır.
Hər iki dövlət xadiminin bu mühüm qərarını alqışlayırıq. Yaşasın Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı!
Fərqanə Məmmədova, YAP Cəlilabad rayon təşkilatı qadınlar şurasının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir