• Şb. Dek 21st, 2024

PREZİDENTİMİZİN QƏTİYYƏTİNƏ İNANIRIQ

ByYenigun.news

İyl 16, 2021

Möhtərəm Prezident İlham Iliyev bu günlərdə Bakının Xocasən qəsəbəsində tarixi görüş keçirib. Dövlət başçısı burada bildirib ki, ölkəmizdə 2025-ci ilədək 11 min şəhid ailəsinin və qazinin mənzillərlə təmin edilməsi nəzərdə tutulub. Bu rəqəm ilk baxışda inanılmaz görünür, ancaq biz dövlətimizin qüdrətinə, imkanlarına bələdik, hər şeydən əvvəl ölkə rəhbərinin qətiyyətinə və iradəsinə bələdik.
Azərbaycan dövlətinin şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən tədbirlər sırasında onların dövlət vəsaiti hesabına tikilən mənzillərlə, fərdi evlərlə və avtomobillərlə təmin olunması da xüsusi yer tutur. Bu da Azərbaycana xas olan bir nümunədir. Müqayisələr aparaq. Müharibələr dünyanın hər yerində baş verir. Ancaq hansı ölkədə döyüşlərdə həlak olanların yaxınlarına və yaxud müharibə əlillərinə dövlət hesabına mənzillər, avtomobillər təqdim olunur? Belə ölkələrin siyahısı çox məhduddur və yaxud heç yoxdur. Götürək, işğalçı Ermənistanı. Forpost dövlət ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən müharibədə Azərbaycanla müqayisədə 2-3 dəfə çox itki verib. Verilən məlumatlara görə, işğalçı Ermənistan İkinci Qarabağ müharibəsində 7-8 min civarında insan itkisi verib, reallıqda isə düşmən tərəfin canlı qüvvə itkisi daha böyük rəqəmlərlə ölçülür. Lakin bu ölkədə müharibədə ölənlərin ailələrinin birinə də heç daxma da verilməyib. Azərbaycanın yanaşması isə tamam fərqlidir. Ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin mənzillərlə təmin olunması proqramı uğurla həyata keçirilir. Xatırladaq ki, Prezident İlham Əliyev 25 yanvar 2021-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu sənəd 2020-ci ildə Ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlar zamanı şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın ailələrinin və bu müharibə ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslərin də mənzil və ya fərdi evlərlə təminatını nəzərdə tutur. Müvafiq proqramın Bakıda, Sumqayıtda, Abşeron rayonunda cari ilin sonunadək tam icra edilməsi planlaşdırılıb.

  Respublikamızda Pezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq cari ildə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 3 minədək mənzil və fərdi ev təqdim olunacaq. O cümlədən Bakı, Sumqayıt, Abşeron, Lənkəran, Samux rayonlarında 2500 mənzilin, digər rayonlarda isə 500 fərdi evin tikintisi nəzərdə tutulub. 2021-ci ilin əvvəlindən bəri Ramana, Ümid və Xocasən qəsəbələrində 850 mənzil tikilərək şəhid ailələrinin və müharibə əlillərinin istifadəsinə verilib. Xocasən qəsəbəsində inşa olunan və Prezident İlham Əliyevin iştirakı ilə açılışı keçirilən kompleks 810 mənzildən ibarətdir. Burada 15 ədəd doqquzmərtəbəli bina inşa olunub. Bu dəfə 300 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olunub. Şəhid ailələrinin və müharibə əlillərinin mənzillərlə təmin olunmasını ölkəmizdə aparılan siyasətin təzahürü kimi səciyyələndirən Prezident İlham Əliyev “Mən bu rəqəmləri səsləndirməklə bir daha göstərmək istəyirəm ki, Azərbaycanda bu sahədə görülmüş işlər nümunəvi xarakter daşıyır. Mən ölkəmizi hansısa bir başqa ölkə ilə müqayisə etmək istəmirəm. Ancaq həyat və gördüyümüz işlər onu göstərir ki, bu sahədə Azərbaycanda aparılan siyasət ən humanist siyasətdir, ən ədalətli siyasətdir və vicdanlı siyasətdir”, - deyə vurğulayıb.

   Bəhs olunan tədbirdə, həmçinin 50 müharibə əlili və onlara bərabər tutulan şəxslərə avtomobillər təqdim olunub. Xatırladaq ki, indiyədək respublikamızda 7200 müharibə əlili avtomobillə təmin olunub. 2021-ci ildə, ümumilikdə, 150 avtomobilin müvafiq kateqoriyadan olan şəxslərə verilməsi nəzərdə tutulub. Bilirik ki, Prezidentimizin dediyi söz, verdiyi vəd hökmən yerinə yetiriləcəkdir.  

Rafael Məmmədov, Cəlilabad Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir