• C. Okt 7th, 2022

TÜRKİYƏ-AZƏRBAYCAN DOSTLUQ VƏ QARDAŞLIQ MÜNASİBƏTLƏRİ TARİXİ KÖKLƏRƏ ƏSASLANIR

ByYenigun.news

May 30, 2021

Prezident İlham Əliyevin Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuk ilə görüşündə irəli sürdüyü müddəlar sadə insanların ürəyindən xəbər vermişdir. Dövlət başçısı cəmiyyəti narahat edən, gələcəyə böyük ümidlər doğuran tezislərini bir daha bəyan etmişdir. O bir daha göstərmişdir ki, Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. 44 gün davam edən II Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, müharibə dövründə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi.
Görüş zamanı bir daha qeyd olunub ki, Türkiyə ilə Azərbaycan arasında mövcud olan yüksək-səviyyəli əlaqələr, dostluq və qardaşlıq münasibətləri dərin tarixi köklərə əsaslanır. Hər iki ölkənin eyni dinə, dilə, oxşar mədəniyyətə və digər adət-ənənələrə malik olması ölkələrimiz arasında əlaqələri daim möhkəmləndirib və ən yüksək səviyyəyə çıxarıb. Türkiyə ilə Azərbaycan həm çətin, həm də xoş günlərdə daim bir-birilərinin yanında olub.
Yaxın tarixə müraciət edək. Azərbaycan yenidən öz müstəqilliyini qazandıqdan sonra Türkiyə ilə Azərbaycan arasında münasibətlər yeni mərhələyə qədəm qoydu. Bildiyiniz kimi Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edəndən sonra 1991-ci il noyabrın 9-da onu tanıyan ilk dövlət məhz Türkiyə oldu. 1992-ci il yanvar ayının 14-də Azərbaycan-Türkiyə diplomatik əlaqələri yaradıldı. Həmin vaxtan etibarən iki qardaş ölkə arasında siyasi və iqtisadi əlaqələr sürətlə inkişaf etməyə başladı.
İki ölkə arasındakı münasibətlərin inkişafında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri var. Azərbaycan ilə Türkiyə arasındakı münasibətləri “Bir millət, iki dövlət” kimi xarakterizə edən ulu öndər iki qardaş ölkə arasında münasibətlərin inkişaf etməsi istiqamətində böyük əmək sərf edib. Həm region, həm də beynəlxalq aləm üçün mühüm əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi iri-miqyaslı layihələrin reallığa çevrilməsində ulu öndər Heydər Əliyevin misilsiz əməyi olub.
Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən strateji hədəflər istiqamətində mühüm addımlar ataraq iki qardaş ölkə arasında münasibətlərin keyfiyyətcə yeni müstəviyə çıxmasına nail olub. Bu gün Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər hər iki ölkə prezidenti tərəfindən həyata keçirilən düzgün və məqsədyönlü siyasətin nəticəsində daim möhkəmlənir və bu istiqamətdə yeni perspektivlər açılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini belə dəyərləndirir: “Türkiyə-Azərbaycan əlaqələri indi ən yüksək səviyyədədir. Bu əlaqələr strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Bizi birləşdirən həm tarixi köklər, həm mədəni əlaqələr, bizim keçmişimiz və bugünkü siyasi maraqlarımızdır. Azərbaycan və Türkiyə daim bir-birilərinin mövqeyini dəstəkləyir. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəmizin ədalətli mövqeyinə daim tam dəstək verdi. Hazırda elə sahə yoxdur ki,iki qardaş ölkə o sahədə əməkdaşlıq etməsin. Təhsil sahəsi də əməkdaşlığımızın önəmli bir hissəsidir. Çünki, gənc nəslin yetişdirilməsi, bir-birinə bağlı olması üçün, əlbəttə ki, bu sahədə çox önəmli addımlar atılmalıdır və əslində atılır.
Türkiyə və Azərbaycan arasında əlaqələrin gücləndirilməsi Qafqaz bölgəsində sabitliyin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, ölkələrimiz arasında əlaqələrin inkişafı və möhkəmlənməsi regionun inkişafına, sabitliyinə və təhlükəsizliyinə mühüm töhfələr verir. Türkiyə ilə Azərbaycan arasında qardaşlıq və dostluq münasibətlərin bundan sonra da durmadan inkişafı və möhkəmlənməsi üçün geniş potensial və möhkəm siyasi iradə var.

Əliyusub Aslanov, Cəlilabad Rayon Tibb Kollecinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.