• Ca. Dek 26th, 2024

Zəngəzur dəhlizi açılmadan regionda sülh, əməkdaşlıq mümkün olmayacaq

ByYenigun.news

İyn 16, 2022

Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbə Cənubi Qafqaz regionunun geosiyasi, geoiqtisadi landşaftını əsaslı surətdə dəyişməklə, burada yeni əməkdaşlıq mühiti üçün də əlverişli şərait yaradıb. Xüsusən də o kontekstdə ki, müharibədə qalib gələn tərəf olaraq Azərbaycan əməkdaşlıq, sülh üçün konkret təşəbbüs və təkliflər irəli sürüb, Ermənistanla ölkəmiz arasında düşmənçilik səhifəsinin çevrilməsi, regional əməkdaşlıq, qarşılıqlı əlaqələrin inkişafı istiqamətində əməli addımlar atmağa hazır olduğunu bəyan edib.

Belə formatda əməkdaşlıq regionda sabitlik və tərəqqi üçün ümdə əhəmiyyət kəsb edir. Buna da Cənubi Qafqazda ən çox ehtiyac duyan tərəf Ermənistandır. Çünki Azərbaycan bu vaxta qədər Ermənistanla əməkdaşlıq olmadan da inkişaf göstəriciləri baxımından regionda lider ölkə kimi qazandığı davamlı nailiyyətlərlə bu statusunu daha da möhkəmləndirib, çoxsaylı transmilli layihələr həyata keçirib. Son 30 ilin təhlili isə bu qənaəti artıq aksiomaya çevirib ki, Ermənistan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etmədən nə real inkişaf yoluna çıxa, nə də hansısa transmilli xarakterli layihə həyata keçirə bilər. Bu mənada postmüharibə dövründə Azərbaycanın barış və qarşılıqlı əlaqələrin inkişaf etdirirlməsi ilə bağlı təkliflərini Ermənistan üçün xilas yolu olaraq da qəbul etmək mümkündür.

Qeyd edilənlər Ermənistan cəmiyyətinə, onun mandat verdiyi hakimiyyətə yaxşı bəlli olsa da, bu ölkə regional inteqrasiya reallıqlarını qəbul etmək, yeni iqtisadi əlaqələr qurmaq, nəqliyyat dəhlizləri açmaq əvəzinə hələ də öz köhnə şakərinə sadiq qalaraq hər şeyi “inkar sindromu”ndan çıxış etməyə üstünlük verir. Bunu Zəngəzur dəhlizi kontekstində də görmək mümkündür. Zəngəzur dəhlizinin yaradılması Azərbaycan, Rusiya, Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatında öz əksini tapıb. Bundan əlavə, 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatda da Zəngəzur dəhlizinin açılması, istifadəyə verilməsi təsbit edilib.

Bütün bunlara baxmayaraq, Ermənistanın baş naziri Nikol Paşinyan “Əl Cəzirə” kanalına müsahibəsində iddia edir ki, Zəngəzur dəhlizindən heç bir söhbət getmir və 10 noyabr tarixli üçtərəfli bəyanatda yalnız Laçin dəhlizindən bəhs edilir. Halbuki, həmin bəyanatın 9-cu bəndində qeyd olunur: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”. Elə bu yeni nəqliyyat kommunikasiyaları məhz Zəngəzur dəhlizini özündə ehtiva edir və Ermənistan rəsmi şəkildə üzərinə götürdüyü öhdəliyə müvafiq olaraq sözügedən dəhlizin açılmasını təmin etməlidir.

Ermənistan nəzərə almalıdır ki, Azərbaycan 10 noyabr bəyanatına uyğun olaraq Ermənistanla Qarabağ erməniləri arasında Laçın dəhlizi vasitəsilə maneəsiz əlaqənin təmin edilməsi üçün şərait yaradıb. Laçın dəhlizi üzərində suverenlik beynəlxalq sənədlərdə təsbit olunduğu və 10 noyabr bəyanatında bir daha təsdiqləndiyi kimi Azərbaycanın yurisdiksiyasındadır. İndi Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini nəzərdə tutulan qaydada icra etməsə, onda Azərbaycan Laçin dəhlizini bağlamağa məcbur olacaq. Çünki Azərbaycan dəhlizlərlə bağlı belə disbalansın mövcudluğuna dözmək niyyətində deyil.

Azərbaycan bir daha ən yüksək səviyyədə Zəngəzur dəhlizinin, kommunikasiyaların açılmasının Ermənistan tərəfindən ləngidilməsi ilə bağlı dünya ictimaiyyətini xəbərdar edib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı bu xüsusda bildirib: “Ermənistanın kapitulyasiya aktını imzalamasından ötən bir il yarım ərzində Naxçıvana gediş-gəlişin açılmaması üçtərəfli bəyanatın müvafiq müddəasının pozulmasıdır. Biz kommunikasiyaların, Azərbaycan üçün Naxçıvan Muxtar Respublikası ilə əlaqənin açılması ilə bağlı Ermənistandan 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata riayət edəcəyini gözləyirik. Təəssüf ki, Ermənistanın kapitulyasiya aktını imzalamasının üzərindən artıq bir il yarım keçir, amma bu vaxtadək gediş-gəliş yoxdur. Bu, qəbuledilməzdir. İlk növbədə, bu, Ermənistan tərəfindən üçtərəfli bəyanatın müddəasının pozulmasıdır. Bu, həmçinin regionda disbalans yaradır, çünki eyni bəyanata əsasən Azərbaycan Ermənistandan erməni əhalinin yaşadığı Azərbaycanın Qarabağ regionuna maneəsiz gediş-gəlişi öhdəsinə götürüb. Bir il yarımdır ki, Ermənistan Laçın yolunu bu maneəsiz əlaqə üçün istifadə edir. Lakin azərbaycanlılar bizi Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizindən, Ermənistandan keçən yoldan istifadə edə bilmirlər. Bu, ədalətli deyil və biz bununla razılaşmayacağıq”.

Prezident İlham Əliyevin bu xəbərdarlığı həm də o anlama gəlir ki, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini pozmağa davam edərsə, onda bu ölkə, eləcə də Qarabağda Rusiya sülhməramlı qüvvələrin nəzarət etdiyi ərazilərdə qalan ermənilər Laçın dəhlizinə həsrət qalacaqlar. Bunun hansı nəticələrə gətirib çıxaracağını təsəvvür etmək isə o qədər çətin deyil.


Azərbaycanın yanaşması həm də bundan ibarətdir ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliklərin yerinə yetirilməsi regionda sülh və əmin-amanlığın bərqərar olmasının təməl sütunudur. Prezident İlham Əliyev də IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı xüsusi olaraq qeyd edib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı ən tez qərar regionda gələcək sülhün fundamental elementlərindən biridir: “Əgər bizə bu gediş-gəliş verilməsə, sülhdən danışmaq çox çətin olacaq və Azərbaycanın Ermənistanla normal birgəyaşayış, normal qonşuluğa yönəlmiş bütün səyləri boşa çıxacaq. Bu, bir daha vacib məsələdir və Azərbaycanın bunu tələb etmək hüququ var. Ermənistan hökuməti müvafiq bəyanatı imzalayıb. İkincisi, Azərbaycan müharibədə qalib gəlib və işğaldan əziyyət çəkən ölkə kimi bizim tələb etməyə mənəvi haqqımız var”.

Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycanın yox, əslində, dünya ictimaiyyətinin də tələbidir. Çünki o, təkcə Cənubi Qafqazda yox, bütün Avrasiyada böyük əhəmiyyətə malik yeni kommunikasiya xəttidir. Bu mənada Ermənistanın dəhlizlə bağlı müqavimət cəhdləri əbəsdir və Azərbaycan sonda istəyinə nail olacaq. Digər tərəfdən Zəngəzur dəhlizi regionda sülhün təməl sütunlarından biri olmaqla yanaşı, bölgə dövlətləri arasında iqtisadi, ticarət əlaqələrini inkişaf etdirmək, Ermənistanın özünün 30 ilə yaxın davam edən təcrid vəziyyətindən yaxa qurtarmasında mühüm rol oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirməklə yanaşı, Ermənistan üçün əlavə imkanlar yaradacaq. Bu, ağır sosial-iqtisadi durumda olan Ermənistan üçün olduqca vacibdir. Məhz bu səbəbdən əngəl yaratmaq əvəzinə Zəngəzur dəhlizinin mümkün qədər tez istifadəyə verilməsində Ermənistan daha çox maraqlı olmalıdır.

Ermənistanda nəzərə alınmalıdır ki, Azərbaycan münaqişə səhifəsini bağlamağa hazır olduğunu dəfələrlə bəyan edib, bu məqsədlə bütün qonşu ölkələrin iştirakı ilə bölgədə inkişaf və əməkdaşlığı təmin edən gələcəyə baxışlarını ortaya qoyub. Elə bu kontekstdə Azərbaycan tərəfindən bölgədəki bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı əməli addımlar atılır. Bu, Ermənistanda da düzgün qiymətləndirilməli, əməkdaşlıq üçün adekvat addım atılmalıdır. Əks təqdirdə ən çox uduzan və zərər görən tərəf elə Ermənistan özü olacaq. Bunu Ermənistanın son 30 illik tarixi də tam təsdiq edir.

“Report”un Analitik Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir