• Ca. Apr 18th, 2024

Birgə təlim: “Necə salam verirsiniz, elə də cavab alacaqsınız” – RƏY + FOTO

ByYenigun.news

Dek 5, 2022

“Azərbaycanla Türkiyə ordularının genişmiqyaslı birgə təliminin əsas məqsədi iki ölkə arasında hərbi sahədə qarşılıqlı şəkildə fəaliyyət göstərmək və döyüş tapşırıqlarının uzlaşdırılmasını təmin etməkdir”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Millət vəkili qeyd edib ki, Azərbaycan və Türkiyə orduları belə təlimlər vasitəsilə öz peşəkarlıqlarını daha da artıracaqlar.

Parlamentari Azərbaycan-Türkiyə birgə təlimlərini İranın son zamanlar səsləndirdiyi hədələr fonunda şərh edib.

“İran Azərbaycan sərhədlərində təlim keçirdi, sınıq-salxaq silahlarla guya mesaj verdi. Azərbaycanla Türkiyə isə ona cavab olaraq keçirdikləri təlimdə müasir müharibə elementlərini göstərirlər. İran tərəfi bu hərbi təlimləri izləyəcək və görəcək ki, “beşinci nəsil” müharibə necə olur”, – deyə Vüqar İskəndorov bildirib.

Milli Məclis üzvünün fikrincə, Azərbaycan-Türkiyə təlimləri təkcə İrana deyil, həm də regional təhlükəsizliyə təhdid yaradan digər qüvvələrə xəbərdarlıqdır.

“Bu cür təlimlər bir ordu modeli kimi də qəbul edilməlidir. Azərbaycan və Türkiyənin silahlı qüvvələri bir ordu modeli kimi fəaliyyət göstərirlər. Bu cür təlimlər Azərbaycanın bugünkü uğurlarına sevinməyən, bizi gözü götürməyən bütün ölkələrə mesajdır. Necə salam verirlərsə, eləcə də cavab alacaqlar”, – deyə o fikrini yekunlaşdırıb.

Prezident İlham Əliyev noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda “Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var” deyib.

Azərbaycan Müdafiə Nazirliyi dekabrın 5-də yaydığı məlumatda bildirib ki, Türkiyə ilə birgə təlim keçirilir.

Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.

Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə ponton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar da icra edilir.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir