• Bz. May 19th, 2024

Çin liderinin Avropa turnesi: Makronla danışıqların sirri – TƏHLİL

ByYenigun.news

May 7, 2024




Çin Xalq Respublikasının Sədri Si Cinpin Avropa turnesinə çıxaraq ilk səfərini Fransaya edib, o daha sonra Serbiya və Macarıstana qədəmlərini qoyacaq.

Öncəliklə demək olar ki, Cinpinin Paris proqramı Fransa ilə Çinin öz vizyonlarını həyata keçirmək üçün vasitələrdən biridir.

Cinpinin Parisə səfəri Çin-Fransa əlaqələrində qarşılıqlı anlaşmalara əsaslanan dinamika yaratmaq və onların genişlənmə siyasətlərində bir-birlərinə dəstək mexanizmləri tapmaq anlamına malikdir.

Fransa rəsmi xarici siyasət kursundakı diskurslardan biri olan strateji muxtariyyət qazanmağı Çinin yüksələn qlobal enerjisi hesabına rəqiblərinə başa salmaq istəyir.

Çin isə Avropanın və Yaxın Şərqin təhlükəsizliyi üçün çox şey edə bilmək potensialını ortaya qoyur və mümkündür ki, Pekinin Parislə yaxınlıq yaratmaq cəhdlərinə işarələr edir.

Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron ölkəsinin ABŞ və Çin arasında Tayvanla əlaqədar münaqişəyə cəlb olunmaması üçün xəbərdarlıq edərkən Vaşinqtonun maraqlarına toxunmuşdu.

Cənab Makron bildirmişdi ki, ABŞ-nin müttəfiqi olmaq onun vassalı olmağı tələb etmir və beləliklə Fransa lideri Çinə doğru əyilən kursu nümayiş etdirmişdi.

İndi də Paris Pekinin vasitəsilə strateji məsələlərdə ABŞ-dən “müstəqillik” əldə etmək layihəsini gündəmə gətirə bilər.

Cinpin Fransanın bu istəklərini səmimi başa düşmək əvəzinə, onu manipulyasiya etməyi strateji gediş kimi nəzərdə saxlayır.

Çünki indi Fransanın Çinə daha çox ehtiyacı var, hələ ötən ilin yayında Makronun də Çinə səfəri belə məqamları ağartmağa fürsət tanıyır.

Bu tendensiya Çinə imkan verir ki, ABŞ-nin Avropanın və Yaxın Şərqin təhlükəsizlik qarantı olmadığını göstərsin.

Bunu sübut edə biləcək məqam Cinpinin Makronla mətbuat konfransında Çinin Ukraynadakı və Qəzzadakı müharibələrə dair ölkəsinin prinsipial mövqeyini açıqlamasıdır.

Güman ki, Çin Parislə bu iki ox üzrə “həll variantlarında” sövdələşməni tərəfdaşlıq qismində nümayiş etdirir.

Məsələn, Cinpinin “Çin Avropada balanslaşdırılmış, effektiv və davamlı təhlükəsizlik arxitekturasını dəstəkləyir” deməsi ən azından zahiri görüntüdə Fransanın ambisiyalarını dəstəkləyə bilən xarakterə malikdir.

Mümkündür ki, bununla da Cinpin:

–  Çinin Ukraynadakı münaqişədə tutduğu rola işıq salaraq Parislə razılaşdırılmış bəyanat səsləndirir,

– Yaxın Şərq arenasında Parislə Pekinin mövqelərini tutuşdurmaq planlarına dair işartıları gücləndirir.  

Cinpinin Fransadan sonra Serbiya və Macarıstan səfəri isə Pekinin daha geniş strateji vizyonunu nümayiş etdirəcək.

Çünki Macarıstan-Serbiya dəmir yolu Çinin qlobal genişlənmə bucaqlarını əks etdirən “bir kəmər, bir yol” təşəbbüsünün Avropadakı qabaqcıl layihəsidir.

Çin bu dəmir yolunun tamamlanmasını ən azından iki aspektdən vacib sayır.

Birincisi, Çinin Avropada nüfuzunun böyüməsi və ABŞ maraqlarının ticari kodekslərlə sıxışdırılması ümumi yanaşmanı əks etdirir.

İkincisi, adıçəkilən dəmir yolu istifadəyə verilsə, yük daşımaları, ticari əlaqələr inkişaf edəcək və Çinə nəzərəçarpacaq faydalar gətirəcək.

Sözsüz ki, Cinpinin Avropa turnesinə ABŞ də gözlərini zilləyib və Pekinin portfelinə daha böyük qazanclar qoyacağından narahatlıqlarını gizlətməyəcək.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir