• Şb. Apr 20th, 2024

“Danışıqlarda vasitəçi olmaq istəyənlər mina xəritələri barədə Ermənistana təzyiq etmirlər” – RƏY + FOTO

ByYenigun.news

Okt 4, 2022

“Danışıqlarda həvəslə vasitəçi olmaq istəyən beynəlxalq təşkilatlar mina xəritələri və Birinci Qarabağ müharibəsində itkin düşən soydaşlarımızın taleyi ilə bağlı məsələlərdə Ermənistana təzyiq göstərmirlər”.

Bu fikri “Report”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu deyib.

Ermənistanın 30 illik işğal dövründə Azərbaycan xalqına qarşı terrorun bütün vasitələrindən istifadə etdiyini vurğulayan deputat bildirib ki, işğalçı ölkə beynəlxalq hüququn tərkib hissəsini və humanitar hüququn tələblərini ardıcıl olaraq pozub: “Ermənistan 44 günlük Vətən müharibəsində Gəncədə, Bərdədə, Tərtərdə və digər ərazilərdə sivil vətəndaşlarımızı raket hücumlarına məruz qoyaraq öz barbarlığını bir daha nümayiş etdirdi. Şanlı ordumuz torpaqlarımızı işğaldan azad etdikdən sonra isə aydın oldu ki, az qala bütün ərazilərimiz minalanıb. Postmüharibə dövründə 200-dən çox azərbaycanlı bu və ya digər şəkildə mina qurbanına çevrilib. Bu, erməni terrorizminin açıq göstəricisidir”.

Onun sözlərinə görə, indiyədək Azərbaycan xalqına, həmçinin onun maddi-mədəni irsinə qarşı törədilmiş vəhşiliklər Ermənistanın terror dövləti olduğunu deməyə əsas verir: “Bunu bütün dünya bilməlidir. Terror hər şeydən öncə qarşı tərəfdə kütləvi qorxu, xof yaratmaqla ona maksimum ziyan vurmağa hesablanan cinayətdir. Bu da əslində üz-üzə savaşmaqdan çəkinməyin, qorxmağın və acizliyin göstəricisidir. Ermənilər həmişə başqasının qanadı altında cəsur, açıq meydanda isə qorxaq olublar. Qəhrəman Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərkən onun qabağında duruş gətirə bilməyən qorxaqlar ərazilərimizi minalayıb ki, biz yurd yerlərimizə mümkün qədər gec qayıdaq”.

Sülh danışıqları prosesindən bəhs edən H.Babaoğlu qeyd edib ki, Azərbaycanın əsas tələblərindən biri minalanmış ərazilərin xəritəsini əldə etməkdir: “Ancaq erməni əsgəri kimi erməni diplomatiyası da terrorçu olduğu üçün müxtəlif bəhanələrlə ya mina xəritələrini bizə vermir, ya da qeyri-dəqiq xəritələr verirlər. Şübhəsiz ki, bu, sülh danışıqlarının irəliyə doğru getməsinə də mane olur. Çox təəssüf ki, danışıqlarda həvəslə vasitəçi olmaq istəyən beynəlxalq təşkilatlar mina xəritələri və Birinci Qarabağ müharibəsində itkin düşən soydaşlarımızın taleyi ilə bağlı məsələlərdə Ermənistana təzyiq göstərmirlər. Bu hal tərəfimizdən qətiyyətlə pislənir. Düşünürəm ki, nəhayət, Ermənistanın mina terroru beynəlxalq təşkilatların diqqətini çəkəcək və buna lazımi qiymət veriləcək. Çünki müharibə bitdikdən sonra da erməni terrorçuları ərazilərimizə daxil olaraq mina cinayəti törədirlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir