• Ca. Apr 18th, 2024

“Ermənistan öz havadarlarının köməyi ilə bölgədə təxribatlar törədir, sabitliyi pozur” – RƏY

ByYenigun.news

Mar 25, 2023


“Ermənistan öz havadarlarının köməyi ilə bölgədə təxribatlar törədir, sabitliyi pozur. İndiyədək Ermənistan daha çox Fransa və Rusiyanın təhriki ilə təxribat törədirdisə, indi həm də İrandakı molla rejimi İrəvanı provokasiyaya çəkir”.

Bunu “Report”a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, rəsmi Tehran İrəvanı hərəkətə keçməyə təhrik edir: “Tehranın vədləri Ermənistantana hərəkətə keçmək üçün “ilham verir”. Odur ki, dünənə qədər sülh müqaviləsindən danışan Ermənistan baş naziri Nikol Paşinyan indi sərsəm bəyanatlar verir, Azərbaycanı ittiham edir. Əlbəttə, İranın “əzələ nümayişi” də Ermənistanı ruhlandırır”.

Q.Hüseynlinin fikrincə, rəsmi İrəvanın destruktiv mövqeyində Moskvanın da “əli var”: “Azərbaycanla müttəfiqlik haqqında sənəd imzalayan Rusiyanın bəzi hərəkətləri bizdə narahatlıq yaratmaya bilməz. Belə ki, qondarma rejimin başçısı Araik Arutunyan Moskvaya gedir, müəyyən təlimatlar alır və pozuculuq fəaliyyətini icra edir. Ümumiyyətlə, Rusiya xeyli vaxtdır ki, beynəlxalq hüququ pozur. Regiondakı rus sülhməramlıları daha çox kommersiya fəaliyyəti ilə məşğuldurlar. Onlar ərazidə sülhün təmin olunmasına çalışmırlar. Ermənistanın silahlanmasında Rusiya fəal iştirak edir. Bu isə o deməkdir ki, biz yenə də öz işimizi özümüz görə bilərik. Görünür, xəbərdarlıqlar işə yaramır. Azərbaycan Vətən müharibəsində BMT-nin 4 qətnaməsini necə icra etdisə, indi də öz təhlükəsizliyi üçün müvafiq addımları ata bilər”.

Qeyd edək ki, dünən, martın 24-də Azərbaycan Müdafiə Nazirliyi növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımaları icra edən kolonun hərəkət etdiyinə dair məlumat yayıb.

Bildirilib ki, Rusiya sülhməramlı kontingentinə məxsus 1 ədəd “ZTR-82A” döyüş maşını, ermənilərə məxsus 3 ədəd tentli “KamAZ” və üzərində yanacaq çəni olan 1 ədəd “KamAZ” avtomobilinin hərəkəti texniki müşahidə vasitələrimiz tərəfindən qeydə alınıb.

Rusiya sülhməramlı kontingenti tərəfindən həyata keçirilən bu cür fəaliyyətlər üçtərəfli bəyanatın müddəalarının icrası ilə bağlı üzərlərinə düşən vəzifə borclarının yerinə yetirilməməsidir.

Vəzifə və öhdəliklərinin əksinə olaraq Azərbaycanın Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən qeyri-qanuni erməni dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər maddi-texniki təminat vasitələrinin daşınmasını müşayiət etməklə sərbəst hərəkətinə şərait yaradılması əldə edilmiş razılıqların sülhməramlı kontingent tərəfindən kobud şəkildə pozulması deməkdir. Belə hallara dərhal son qoyulmalıdır.

Mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasının zəruri olduğunu göstərir.
Bundan başqa, ermənilərin Qarabağda qanunsuz olaraq yeni yollar çəkdiyi məlum olub.

Bu, ilk belə hal deyil. Qarabağdakı sülhməramlı kontingent ermənilərin qanunsuz əməllərinə şərait yaratmaqla özlərinə olan inamı da sıfıra endirirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir