• Bz. May 19th, 2024

İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? – MÜSAHİBƏ

ByYenigun.news

May 6, 2024




Ermənistan Fransa və digər Qərb ölkələri ilə hərbi əməkdaşlığı inkişaf etdirməkdə davam edir. Bu günlərdə müdafiə sahəsində ikitərəfli əlaqələri Ermənistanın müdafiə naziri Suren Papikyan və Fransa Senatının Xarici Əlaqələr, Müdafiə, Silahlı Qüvvələr və Avropa məsələləri üzrə Komissiyasının üzvü Ronan Le Qloyo müzakirə ediblər. Bu cür danışıqlar Fransanın silah-sursat tədarükü, Avropa Müşahidə Missiyasının fəaliyyətinin və səlahiyyətlərinin genişləndirilməsi, Qərbin İrəvana yardım edəcəyinə dair vədləri fonunda gedir.

Görünən odur ki, Ermənistanın bu cür hərəkətləri İranın xoşuna gəlmir və Qərbin regionda olmasına qarşı çıxan rəsmi Tehran bu səbəblə bir neçə dəfə İrəvana eyham vurub.

Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, İran üzrə mütəxəssis Lana Ravandi-Fədai Oxu.Az-a şərhində qeyd edib ki, Ermənistan, həqiqətən də sürətlə Qərbə yaxınlaşır:

– Ancaq mən burada Ermənistanın İrandan uzaqlaşmaq cəhdini görmürəm. Ermənistanın Qərbə bu cür sürətlə sürüklənməsinin motivində təbii ki, Qarabağın qanuni olaraq Azərbaycana qaytarılmasından sonra erməni siyasi elitasının Rusiyaya qarşı incikliyi ilə bağlı antirusiya əhvali-ruhiyyəsi durur. Ermənilərin Qarabağı könüllü tərk etməsinə baxmayaraq, Ermənistan hakimiyyətinin və erməni cəmiyyətinin əhəmiyyətli bir hissəsinin fikrincə, guya ermənilərə qarşı etnik təmizləmə baş verib, Rusiya bunun qarşısını almalı idi, lakin almayıb.

Tehranın Ermənistanın Qərblə münasibətlərini aktivləşdirməsi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirməsi barədə mövqeyinə gəlincə isə, doğrudur, nəzəri cəhətdən casusluqla məşğul ola biləcək hansısa şübhəli Qərb missiyasının bölgədə yerləşdirilməsi bir yana qalsın, İran sözdə hər zaman hansısa Qərb oyunçularının regionda iştirakı məsələsinə belə kəskin mövqe nümayiş etdirib. Üstəlik iranlılar üçün çox vaxt praqmatizm xarakterikdir. Bu halda isə iranlılar İrəvanın Avropa İttifaqı ilə yaxınlaşmasına ləng reaksiya verirlər, çünki Ermənistan ərazisi həmin Avropa ilə ticarət əlaqələri üçün Tehrana lazımdır.

Üstəlik, İran “türk amili”nin güclənməsindən qorxur və Ermənistan, hətta qərbyönlü olsa belə, Azərbaycan və Türkiyənin regionda artan təsirinə qarşı bir növ tarazlıq kimi görünür. İranlılar Ermənistanı Avropa İttifaqı ilə hərbi əməkdaşlıqdan çəkindirmək üçün ciddi səy göstərmirlər, yalnız sammit görüşlərində Ermənistanı Qərblə həddən artıq yaxınlaşmaqda qınamaqdan başqa heç nə etmirlər. İran-Ermənistan münasibətlərində müəyyən qədər soyuqluq hiss olunur, lakin ümumilikdə heç bir köklü dəyişiklik yoxdur və fikrimcə, yaxın gələcəkdə də olmayacaq.

Mən İran-Ermənistan münasibətlərinin kəskin şəkildə pisləşəcəyini gözləməzdim, çünki Ermənistan, ən azı hələlik, Rusiya ilə münasibətlərdə “Qərbə radikal dönüş” etməkdən və nəhayət, “bütün körpüləri yandırmaqdan” qorxur. İrəvan regionda formalaşmış təhlükəsizlik strukturunu hələ radikal şəkildə pozmadan, tədricən və ehtiyatla Qərbə yaxınlaşır. Məsələn, Ermənistan hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) rəsmən çıxmağa tələsmir, baxmayaraq ki, bu təşkilatda iştirak səviyyəsini aşağı salıb.

– Ermənistanın müxalifətçi deputatı Anna Qriqoryan bu yaxınlarda düşmənlərin ümumi təhdidlərinin qarşısını almaq üçün Ermənistanla İran arasında hərbi sazişin bağlanmasının zəruriliyini bəyan edib. Əgər İranın düşmənləri – ABŞ, Avropa Ermənistanın dostudursa, bu necə mümkündür? Ümumiyyətlə, İrəvanla Tehran arasında belə bir hərbi ittifaq nəzəri cəhətdən mümkündürmü?

– Anna Qriqoryan, görünür, “ümumi düşmənlər” dedikdə Azərbaycanı nəzərdə tuturdu. Mən onun “Ermənistanın ərazi bütövlüyünün qorunması” kontekstində İranla hərbi sazişin bağlanmasının zəruriliyindən danışdığı müsahibəsindən çıxarışları oxudum. Burada o, guya Ermənistan üçün təhlükə yaradan Azərbaycanı nəzərdə tuturdu.

Qriqoryan Ermənistan parlamentindəki anti-Azərbaycan millətçi müxalifət fraksiyası “Ermənistan”nın (“Hayastan”) üzvüdür. Bu partiya baş nazir Nikol Paşinyanın Azərbaycanla barışmaq üçün indiki, qeyri-sabit və ziddiyyətli siyasətini belə erməni xalqının maraqlarına xəyanət hesab edir. Amma bu qüvvələrin Ermənistanın rəsmi siyasətinə təsiri azdır, ona görə də onun bəyanatlarına o qədər də əhəmiyyət verməzdim.

Hətta nəzəri olaraq İrəvanla Tehran arasında hərbi ittifaq çətin ki, mümkün olsun. Axı hərbi aspektə toxunsaq, Ermənistan hakimiyyəti İrana daha çox Rusiyanın müttəfiqi kimi baxır və İrəvanda Rusiya Federasiyasının müttəfiqləri ilə hərbi baxımdan intensiv şəkildə yaxınlaşmaq istəməzdilər. Ermənistan tərəfi hələ də Qərblə (xristianlıq) ortaq dinə və ümumi dəyərlərə diqqət yetirərək yaxınlaşmaq arzulayır.

Bundan başqa, rəsmi İrəvan Fransadan Ermənistana dəstək və narahatlıq ifadələri eşitməkdən məmnundur (bu, nə qədər səmimidir, başqa məsələdir), bu da onların Qərbə yaxınlaşmaq istəklərini gücləndirir. Tehran rəsmi ritorikasında eyni məsafəni nümayiş etdirməyə çalışır və Paris kimi bəyanatlarında Ermənistana reverans etmir.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir