• C. Apr 26th, 2024

KOBİA rəsmisi: “Sərgilənən məhsullar Azərbaycanın iqtisadi gücünün göstəricisidir”

ByYenigun.news

İyn 8, 2023


Kiçik və Orta Biznesin İnkişafı Agentliyi olaraq ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində bir sıra tədbirlərin keçirilməsində və təşkilində iştirak etmişik”. 

Oxu.Az-ın məlumatına görə, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” adlı yerli şirkətlərin tanıtım sərgisində çıxışı zamanı deyib. Sədrin sözlərinə görə, bu ilin aprel ayında, Sahibkarlar Günündə “Heydər Əliyev və Azərbaycan sahibkarlığının inkişafı” mövzusunda konfrans keçirilib: 

“Hazırda iştirak etdiyimiz tanıtım sərgisi də bu qəbildən olan təşəbbüslərin davamıdır və ümummilli liderin Azərbaycanda biznes sektorunun formalaşmasında əvəzsiz xidmətinə bir daha nəzər salınması, xüsusilə də əldə olunmuş nəticələrin nümayişi üçün əhəmiyyətli platformadır. Çünki burada sərgilənən məhsullar Azərbaycanın iqtisadi gücünün, real sektorun inkişaf səviyyəsinin və bizneslərin keçdiyi təkamül yolunun göstəricisi rolunu oynayır”. 

“Ümummilli lider Heydər Əliyevin Azərbaycanda sahibkarlığın və ümumilikdə, iqtisadiyyatın inkişafı istiqamətində gördüyü genişhəcmli işləri tam şəkildə təsəvvür etmək üçün onun ali idarəetmə sahəsində təqribən 30 illik dövrü əhatə edən fəaliyyətinə nəzər salmaq lazımdır. Müasir bir dövlətin formalaşma prosesini əhatə edən bu dövr ən qüdrətli imperiyanın tərkibində geridə qalmış bir respublikanın dirçəlişini, müstəqilliyin ilk illərində tənəzzüldən çıxışını, sabitlik və tərəqqi kimi bütün mərhələləri özündə yaşadıb. Məhz ümummilli liderin müdrik siyasəti və yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan üzləşdiyi ağır sosial-iqtisadi vəziyyətdən çıxaraq bugünkü inkişaf səviyyəsinə çata bilib. 

Bu gün Azərbaycanın yeni tarixinə nəzər salmaqla əminliklə söyləmək olar ki, 1993-2003-cü illər ərzində Heydər Əliyevin dövlətçilik doktrinası əsasında quruculuq strategiyası uğurla həyata keçirilib və hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında keyfiyyətcə yeni səviyyədə davam etdirilməkdədir. Bu məqsədlə müxtəlif strateji proqramlar icra olunur, sahibkarlar üçün geniş vergi stimulları tətbiq olunur, real sektora investisiyalar təşviq edilir, bizneslərin inkişafı üçün çoxsaylı dəstək mexanizmləri və yeni təşkilati-hüquqi modellər hazırlanır. 

Sahibkarlığın inkişafının dəstəklənməsi istiqamətində Heydər Əliyev irsini əzmlə davam etdirən insanlar arasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da ön sırada dayanır. Onun çoxşaxəli fəaliyyəti çərçivəsində ölkə iqtisadiyyatının aktual problemlərinə olan həssas münasibəti Azərbaycan sahibkarları tərəfindən yüksək qiymətləndirilir. Mehriban xanımın iştirakı və birbaşa rəhbərliyi ilə icra olunan layihə və proqramlar ölkəmizin sosial-iqtisadi tərəqqisinə, həyata keçirilən inkişaf siyasətinə əhəmiyyətli töhfələr verməkdədir”, – deyə o qeyd edib.

İlhamə Əbülfət

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir