• C. Apr 19th, 2024

“Paşinyanın təqdim etdiyi variant strateji baxımdan maraqlarımıza tam uyğundur” – “Kaspi”nin ŞƏRHİ + FOTO

ByYenigun.news

May 27, 2023


Moskvada Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin növbəti üçtərəfli görüşü oldu. Görüşdən əvvəl deyilənlərin əksinə olaraq heç bir sənəd və ya bəyanat imzalanmadı. 

“Kaspi” qəzetinin mövzu ilə bağlı şərhini təqdim edirik:

Mayın 25-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyanla üçtərəfli görüşü olub. Görüşdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin bildirib ki, məhz bu formatda bir çox məsələlərə dair uğur əldə etmək mümkün olub: “2020-ci ilin payızında tək hərbi əməliyyatlar dayanmayıb, sonra iqtisadi və nəqliyyat kommunikasiyalarının blokadasının aradan qaldırılması, sərhədlərin delimitasiyası üzrə işlərə başlanılıb”. Putinin qənaətincə, hələ də ümumilikdə kifayət qədər çətinliklərin və problemlərin olmasına baxmayaraq, hər halda vəziyyət nizamlanma istiqamətində inkişaf edir. Bu istiqamətlərdən biri nəqliyyat kommunikasiyaları ilə bağlı aparılan işdir. “Bax, indi biz üzbəüz üçlükdə kifayət qədər ətraflı şəkildə bu barədə danışdıq və hələ də tənzimlənməmiş məsələlər qalır. Bu məsələlər sırf texniki xarakter daşıyır”, – Putin deyib.

Putin birgə qərara əsasən, yaxın vaxtlarda Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin görüşəcəyini vurğulayıb: “Onlar, belə demək mümkünsə, hələ tənzimlənməmiş məsələləri həll edəcəklər. Mənə elə gəlir ki, bu, yaxşı razılaşmadır və indiyədək həll olunmamış məsələlərin çözülməsinə ümid yaradır”.

“Paşinyan Moskvaya dəqiq ev tapşırığıyla gəlmişdi”

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bildirdi ki, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin Moskvadakı 20 dəqiqəlik üçtərəfli görüşü özündən əvvəlkilərdən ilk növbədə onunla fərqlənirdi ki, həlledici nəsə olacağıyla bağlı hər hansı gözlənti yox idi: “Əksinə, azacıq ehtiyatlanma vardı ki, Paşinyanın Azərbaycanın torpaq bütünlüyünü tanıdığını konkret rəqəmlərlə təsdiqləməsindən heç də razı qalmayanlar və bunu gizlətməyənlər ona öz istədiklərini söylətsinlər. Ancaq bu, baş vermədi. Azərbaycan Prezidenti ilə polemikasından da göründüyü kimi, dili və məntiqi pozuq olsa da, Paşinyan Moskvaya dəqiq ev tapşırığıyla gəlmişdi. Ev tapşırığı isə bundan ibarət idi ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına ancaq orada giriş-çıxış rejiminə hay sərhədçiləri və gömrükçüləri nəzarət edəcəkləri, üzərində suverenliyini qoruyub saxlayacağı halda hazırdır. Açıq deyək. Zəngəzur dəhlizinin üçtərəfli bəyanatda nəzərdə tutulan rejim üzrə çalışması taktiki baxımdan bizə əl verirdisə, Paşinyana diktə olunan və onun təqdim etdiyi ev tapşırığındakı variant strateji baxımdan tam maraqlarımıza uyğundur”.

“Bunun bizə isti-soyuğu yoxdur”

Deputatın sözlərinə görə, Moskva görüşündə o da aydın oldu ki, Paşinyan Azərbaycanın Laçın yolunun başlanğıcında qurduğu nəzarət-buraxılış məntəqəsinin əleyhinə çıxdıqlarını qabartmağa çalışsa da, bunun perspektivsizliyini gözəl bilir: “O, sadəcə hay auditoriyasına oynayır. Baxın, Kreml bizi dəstəkləmədiyi üçün vəziyyət belə alınıb. Məhz bu səbəbdən Moskvanın deyil, qərbdəkilərin dedikləri ilə oturub-durmağa üstünlük verir.

İndi gələk görüşü təşkil edənlərə. Onların məqsədi prosesləri nəzarətdə saxladıqlarını sərgiləmək idi. Bunun bizə elə də isti-soyuğu yoxdur. Fikrimcə, Moskva görüşünə və onun sadəcə üçtərəfli formatda keçirilməsinə razılığımız da elə bu demək idi. Moskva danışıqlarında əsas məqsəd digər platformalarda əldə edilən uğurların orada da təsdiqlənməsi idi ki, istədiyimiz də oldu. Rusiya Prezidenti Vladimir Putin də tərəflərin artıq bir-birilərinin torpaq bütünlüklərini tanıdığını, yerdə qalan məsələlərin həllinin mümkün və ikinci dərəcəli olduğunu vurğuladı. Ümumiyyətlə, bütün platformalarda aparılan danışıqlar Azərbaycanın irəli sürdüyü, bir sıra hallarda isə hay təxribatlarının qarşısını alaraq əməliyyat keçirməklə diktə etdiyi gündəlik üzrə gedir. Son Moskva görüşü də bu baxımdan istisna deyildi”. 

Prezidentin çıxışına yenidən baxsınlar

S.Alıyev vurğuladı ki, Azərbaycan Prezidentinin Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdəki toplantısına qatılmasının guya milli maraqlarımıza cavab vermədiyini bildirən bəziləri cənab İlham Əliyevin oradakı çıxışına yenidən baxsalar pis olmaz: “Mən həmin çıxışdan bir hissəni diqqətə çatdırmaq istərdim ki, o da Azərbaycanın bütün platformalarda keçirilən görüşlərə nəticəni öncədən bilirmiş kimi niyə əminliklə razılıq verdiyinə aydınlıq gətirilməsi baxımından az önəmli deyil. Prezident bildirib ki, biz tam iqtisadi müstəqilliyə nail olmuşuq. Bu da bizim uğurla həyata keçirdiyimiz müstəqil xarici siyasət kursunu aparmaq imkanının mühüm amilidir. Təxminən dörd ildir Azərbaycan 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra sayca ikinci beynəlxalq təsisatdır. Azərbaycan iqtisadiyyatı özü-özünü təmin edir və kənardan dəstəyə ehtiyacı yoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir