• Bz. May 19th, 2024

Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır – TƏHLİL + FOTO

ByYenigun.news

May 6, 2024




“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi Gürcüstanda siyasi elita arasında gərginliyə səbəb olmaqdadır. Müxalifətlə iqtidarı üz-üzə qoyan qanuna etiraz edənlərin sayı günbəgün artır. Paytaxt Tbilisidə və digər şəhərlərdə müxtəlif etiraz aksiyaları keçirilir. Qanun layihəsi prezidentlə hökuməti üz-üzə qoyub.

Hazırda qonşu ölkədə baş verənlər yalnız daxili siyasi proses deyil. Belə ki, müxtəlif iri güclər bu məsələdə birbaşa maraqlıdır. Təsadüfi deyil ki, Qərb Tbilisini bu sənədi müzakirəyə çıxardığına görə tənqid edib. Bu da o deməkdir ki, öz gözündəki tiri görməyən Qərb başqasının gözündə çöp axtarır. Niyə?

İş orasındadır ki, az qala, bir əsr əvvəl, yəni 1938-ci ildə ABŞ-də “Xarici təsirin şəffaflığı haqqında” qanun qəbul olunub.

2023-cü ildə isə Gürcüstanda 230 qeyri-hökumət təşkilatı “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qəbulunu tənqid edən bəyanat imzalayıb.

Bildiriblər ki, Avropa İttifaqının (Aİ) belə bir qanunu qəbul etməsi repressiyanı gücləndirə bilər. Qeyd edək ki, həmin qanuna əsasən, Aİ xaricdən maliyyələşən təşkilatların reyestrini yaradaraq onların fəaliyyətinə nəzarət edəcək.

Ötən ilin sentyabrında Ursula fon der Lyayen Avropa Parlamentində çıxışı zamanı demokratiyanı qorumaq üçün bu qanunun qəbul edilməsini vacib saymışdı. Avropa İttifaqı Rusiyanın açıq və qapalı şəkildə maliyyələşdirdiyi QHT-lərin fəaliyyətindən narahatdır. Bunu region üçün təhlükəli sayır.

Bu baxımdan Qərbdə olduğu kimi, postsovet ölkələrində də uyğun qanunun qəbul edilməsi sakit qarşılana bilər. Bir məsələni də qeyd etmək lazımdır ki, vətəndaş cəmiyyətini yalnız Qərb bloku maliyyələşdirmir. Müxtəlif dövlətlərdəki fərqli dini cərəyanlara qrant verməsi də mümkündür. Odur ki, uyğun qanun təkcə dövlətin deyil, ola bilsin regional və qlobal miqyasda təhlükəsizliyin qorunması, təmini məsələsidir.

Rusiyanın fəaliyyətinə qarşı müqavimət göstərmək üçün Qərbin dəstəyi yetərli olmur. Gürcüstanda bu, 2008-ci ilin avqustunda özünü göstərdi. Sonrakı hadisələr isə orada hakimiyyət dəyişikliyi ilə nəticələndi. Belə görünür ki, Qərbin yeni qüvvələrlə əməkdaşlığı zəif olub. Ona görə də onlar Rusiyaya meyillənməyə üstünlük veriblər.

Yəni görünən odur ki, Qərb özü xarici təsir barədə normativ hüquqi aktlar qəbul edir, xaricdən maliyyələşməni yasaqlayır, amma digər ölkələrə bunu qadağan etməyə çalışır. Bu, ikili standartların ən bariz nümunəsidir. Ehtimal etmək olar ki, ABŞ və Aİ bunu məqsədli şəkildə edir – hakimiyyətlə hökuməti iqtidarla xalqı bilərəkdən üzə-üzə qoyur.

Burada bir neçə məqsəd ola bilər. Başlıca hədəflərdən biri isə sözsüz ki, Qərbin Cənubi Qafqaza müdaxilə imkanlarıdır. Qərbin regionda etdikləri onu deməyə əsas verir ki, xüsusilə Vaşinqton və Paris bölgədəki rıçaqlarını gücləndirmək üçün çox şey etməyə hazırdır.

Sözsüz ki, Gürcüstanın əsas məqsədi öz suverenliyini, milli təhlükəsizliyini qorumaqdır. Qanun qəbulu da buna hesablanıb. Amma Qərb prosesi istədiyi kimi yozur.

“Report” İnformasiya Agentliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir