• Şb. Apr 20th, 2024

Rusiyalı politoloq: “Azərbaycanda doğma kimi qəbul edilən əfqanlara kömək etmək lazımdır”

ByYenigun.news

Dek 5, 2022

Bir çox ekspertlərin gözləmədiyi halda “Taliban” artıq ilyarımdır ki, Əfqanıstanda siyasi hakimiyyətdədir.

Ölkədə problemlər kifayət qədərdir, “Taliban” “vintləri sıxmaqda” davam edir, dünya ictimaiyyəti isə bu ölkədə baş verənləri görməzdən gəlir.  

Əfqanıstanda aparılan etnik təmizləmədən əlavə, qızların təhsil hüququ əllərindən alınır, məktəblər qapadılır, qorxulu hadisələr baş verir.

Rusiya Politoloqlar Cəmiyyəti Analitik Mərkəzinin direktoru, Əfqanıstan Siyasətinin Öyrənilməsi Mərkəzinin rəhbəri Andrey Serenko Oxu.Az-a açıqlamasında söyləyib ki, hazırda dünyanın başı Ukraynaya qarışdığından Əfqanıstan diqqətdən kənarda qalıb:

“Məhz buna görə “Taliban”ın “bəxti” gətirir, onlar istədiklərini edə bilirlər. Bu, çox uzun bir bal ayını xatırladır. Əfqan qadınlara, demək olar ki, hər şey qadağan edilib. Doğrudur, hələlik evdən küçəyə çıxmaq mümkündür, amma düşünürəm ki, buna da məhdudiyyətlər tətbiq edilə bilər. Artıq onların parklara, istirahət zonalarına və sair məkanlara baş çəkmələrinə icazə verilmir. Əmək fəaliyyəti ilə məşğul olmaq faktiki qadağandır”.

Rusiyalı ekspert vurğulayıb ki, bu gün Əfqanıstandakı faktiki vəziyyət dünya ictimaiyyəti üçün çıxılmaz durum yaradıb.

“Taliban” yavaş-yavaş zəifləyir, potensial müqavimət qüvvələri isə hələ də güclərini artıra bilmir. İstənilən halda Əfqanıstanda indi gördüyümüz vəziyyət tamamilə müvəqqəti xarakter daşıyır. Qarşıdakı bir neçə il ərzində böyük dəyişikliklər baş verəcək. Ya “Taliban” sürətlə dağılmağa başlayacaq, daxili qarşıdurma yaranacaq, ya da anti-“Taliban” müqaviməti hansısa ölkə və ya bir qrup ölkələrin dəstəyini alacaq”, – deyə Andrey Serenko bildirib.

Politoloq Əfqanıstandakı İŞİD faktorunu da diqqətdən kənarda qoymağı doğru hesab etmir:

“Bu gün Əfqanıstanda İŞİD yenidən doğulmaqdadır, onun ardıcıllarının, yaraqlılarının sayı, bəzi mənbələrə görə, son ilyarım ərzində üç dəfədən beş dəfəyə qədər artıb. “Taliban”ın özü İŞİD-ə qarşı mübarizə apara bilmir, ya da bunu istəmir”.

Andrey Serenko “Taliban” iqtidarının islam dininin Əfqanıstandakı digər məzhəblərin nümayəndələrinə qarşı həyata keçirdiyi təqiblərə toxunub, şiələrin sırf şiə olduqları üçün məhkəməsiz edamlara məruz qaldıqları barədə xəbərlərə reaksiya verib:

“Taliban” üzvləri hənəfi məzhəbinin sərt qolunun ardıcıllarıdır. “Taliban” hənəfi olmayan hər kəsi özü ilə bərabərhüquqlu müsəlman hesab etmir. Yəni söhbət təkcə şiələrdən getmir. Bəli, həm şiələrin, həm də hənəfi məzhəbində olmayan sünnilərin öldürülməsi faktları var. Ümumiyyətlə, qırğınlar qarışıq dini və etnik zəmində baş verir”.

Azərbaycanın Əfqanıstandakı etnik azərbaycanlılara necə dəstək verməli olduğuna dair məsələlərə də toxunan Andrey Serenko vurğulayıb ki, indi Əfqanıstanda bütün etnik qrupların vəziyyəti ağırdır, əhalinin 90%-i yoxsulluq içində yaşayır:

“Dövlətin sosial dəstək sistemi yoxdur. Ölkə kənardan gələn humanitar yardımlar hesabına mövcudluğunu qoruyur, bu yardımların bölüşdürülməsi isə çox şübhəli şəkildə aparılır. “Taliban” ölkədə effektiv idarəetmə sistemi yarada bilmir.

Qızılbaşlara, əfşarlara və digər türklərə kömək etmək məsələsinə gəlincə isə… Bu, ilk növbədə informasiya işidir. Əfqanıstan, onun əhalisi dünyanın diqqətindən kənarda qalıb. Biz bu ölkədə yaşayan etnik qrupların real vəziyyətini dünya ictimaiyyətinə xatırlatmalıyıq. İndi dünya onlara heç bir diqqət yetirmir, halına acımır.

İkinci məqam humanitar əməliyyatlardır, lakin bunun nəzarət altında həyata keçirilməsi vacibdir. Siz ən çox əziyyət çəkən kateqoriyalardan olan bəzi qaçqınları qəbul edə bilərsiniz, bunlar qadınlar, əməliyyata ehtiyacı olan uşaqlardır. Axı aydındır ki, siz bütün əfqanları, o cümlədən etnik azərbaycanlıları oradan çıxara bilməzsiniz, onlar istənilən halda Əfqanıstanda yaşayacaqlar. Amma Azərbaycanda onları özlərinə doğma saydıqları şəxslərə kömək etmək lazımdır. Humanitar yardımın çatdırılması düşünülmüş şəkildə olmalıdır ki, insanlar yerlərdə dəstəyi qəbul bilsinlər. Dərmana, yeməyə, isti paltara ehtiyac var. Və heç bir halda bu, “Taliban”, Kabil vasitəsilə edilməməlidir. Belə olan halda sadə insanlara heç nə çatmayacaq. İnanın ki, Kabilə təyyarə ilə gətirilən humanitar yardımlar bir müddət sonra bazarlarda peyda olur”.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir