• C. Apr 19th, 2024

Zəngəzur dəhlizi ilə Ermənistandan Azərbaycana gətiriləcək məhsulların təhlükəsizliyi necə tənzimlənəcək?

ByYenigun.news

Dek 9, 2022

Vətən müharibəsindəki qələbədən sonra müzakirə edilən əsas məsələlərdən biri də Zəngəzur dəhlizinin nə vaxt açılacağı ilə bağlıdır. Ötən iki ildə Azərbaycan dövləti tərəfindən bu istiqamətdə mühüm addımlar atılsa da, Ermənistan hər vəchlə prosesi dayandırmağa çalışır. Elə ona görə də Prezident İlham Əliyevin dediyi kimi, bu gün Zəngəzur dəhlizi ətrafındakı müzakirələr Ermənistanla yox, birbaşa Rusiya ilə aparılır. 

Hazırda maraq doğuran məqamlardan biri dəhliz açıldıqdan sonra Azərbaycan-Ermənistan əlaqələrinin hansı səviyyədə irəliləyəcəyi ilə bağlıdır. Böyük bir ehtimaldır ki, Zəngəzur koridoru açılarsa, Azərbaycanla Ermənistan arasında ticarət əlaqələri bərpa olunacaq və hər iki ölkənin məhsulları bir-birinin bazarına çıxış imkanı qazanacaq. 

Bəs görəsən, Azərbaycan bazarına daxil olacaq həmin məhsulların təhlükəsizlik məsələsi necə tənzimlənəcək?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Oxu.Az-a açıqlamasında Azərbaycan mallarının Ermənistanda satılmasının tərəfdarı olduğunu bildirib:

“Lakin Ermənistanın bir kibritinin belə, Azərbaycanda satılmasının əleyhinəyəm. İllərlə Gürcüstandan Ermənistan mallarının Azərbaycana keçirilməsi müşahidə olunub, ancaq zamanla proses zəifləyib. Azad İstehlakçılar Birliyində hətta onların nümunələri də olub. Gürcüstanda “İkinci vağzal” deyilən yerdə ermənilər, gürcülər, azərbaycanlılar hər gün görüşürdülər, orada mal, pul, fikir mübadiləsi edirdilər. Mən bunları gözümlə görmüşəm. Xüsusən də markalanmayan kənd təsərrüfatı malları, ərik və sair keçirilirdi. Bəzən içki də gətirilirdi. Azərbaycan qatarında böyük bir alverçi dəstəsi vardı. Onlar o qatarda çox sərbəst idilər, əksər hallarda da biletsiz gedib-gəlirdilər. İndi bilmirəm vəziyyət necədir, səkkiz ildir, xəbərim yoxdur”.

Eyyub Hüseynov onu da diqqətə çatdırıb ki, azad bazar iqtisadiyyatıdır, işi biznesmenlər həyata keçirirlər, amma əgər bu gün biznesmenlər sözügedən təhlükələri nəzərə almadan ermənilərlə müqavilələr bağlayıb ölkəyə mal gətirərlərsə, bu, heç də yaxşı bir tendensiya olmaz:

“Azad bazar iqtisadiyyatı o demək deyil ki, Zəngəzur dəhlizi açılandan sonra bütün erməni malları ilə bazar doldurulsun. Qətiyyən belə olmamalıdır. 10 ildən çoxdur ki, Azərbaycanı Ümumdünya Ticarət Təşkilatına doğru itələyirlər. Çox yaxşı haldır ki, Azərbaycan o quruma daxil olmur. Çünki Ermənistan artıq neçə ildir ki, oranın üzvüdür. Azərbaycan da ÜTT-yə daxil olsa, həmin mallar Azərbaycana gələ bilər. Hələ ki Azərbaycan o quruma daxil olmadığı üçün gözlənilmir ki, bizim biznesmenlər gedib oradan mal gətirsinlər. Bilməliyik ki, məkrli ermənilər hər cür təxribat edə bilərlər. Onlar hətta ekspertizada araşdırılması çətin olan malları da Azərbaycana göndərə bilərlər. Ona görə də tərəfdarı deyiləm ki, Ermənistan malları Azərbaycanda satılsın”.

Dövlət Məşğulluq Agentliyində Əmək bazarının təhlili və inkişafı departamentinin müdiri, iqtisadçı-ekspert Elman Sadıqov isə hesab edir ki, gələcəkdə sülh müqaviləsi imzalandıqdan və münasibətlər normallaşdıqdan sonra hər iki ölkənin məhsulları bir-birində satıla bilər:

“Zəngəzur dəhlizi açılandan sonra Azərbaycan və Ermənistanda istehsal olunan məhsulların qarşılıqlı ticarətinin həyata keçirilməsi məsələsi bir az fərqli tənzimlənəcək. Burada Zəngəzur dəhlizinin, əlbəttə ki, böyük rolu, önəmi var. O, demək olar ki, razılaşdırılmış bir məsələdir. Yəni bütün dövlətlər artıq məsələdə öz fikirlərini bildiriblər. Avropada da dəhlizin açılmasına qarşı heç bir şey demirlər. Amma Zəngəzur dəhlizi açılmasa belə, gələcəkdə ermənilərlə münasibət normallaşanda onların istehsal etdiyi məhsullar Azərbaycanda, eləcə də Azərbaycanın istehsal etdiyi məhsullar Ermənistanda satılacaq. Çünki bir ölkədə istehsal olunan məhsulun digər ölkədə satılması çox təbiidir. Hazırda bu ticarət haqqında onu deyə bilərik ki, istər tikinti materialları, istərsə də geyim malları ilə bağlı heç bir problem yoxdur”.

Ekspertin sözlərinə görə, narahatlıq doğuran yeganə məqam ərzaq məhsulları ilə bağlıdır:

“Amma ümumilikdə, heç onunla bağlı da narahatlıq olmalı deyil. Çünki dünyada ticarətin qaydaları, beynəlxalq ticarət normaları var. Heç bir ölkə başqa bir ölkə üçün istehsal etdiyi məhsula xüsusi məhlul qata bilməz. Ümumiyyətlə, heç bir iş adamı öz işini riskə atıb imicini zədələməz. Digər bir məsələ də ondan ibarətdir ki, ermənilərin Azərbaycana göndərdikləri ərzağın təkcə Azərbaycanda satılacağı ilə bağlı zəmanət yoxdur. Həmin məhsul dolayı yolla yenə Ermənistana qayıda bilər və ya Gürcüstanda, Dağıstanda satıla bilər. Ona görə də Ermənistanın ilkin olaraq Azərbaycana göndərəcəyi məhsullara zərərli maddələrin qatılması böyük bir qalmaqal olar. Bu addım həmin məhsulu buraxan şirkətin müflis olmasına gətirib çıxarar. Bu, çox incə məsələdir. Üstəlik Dünya Ticarət Təşkilatının öz qaydaları var, arbitraj məhkəmələri var. Müasir laboratoriyalar hər şeyi qısa zamanda müəyyən edir. Əgər məhsula maddə qatıldığı müəyyənləşsə, qarşı tərəfi rahatlıqla məhkəməyə verib kompensasiya almaq olar. Ona görə də şirkətlər bu yolu seçməz”.

Müsahibimiz qeyd edib ki, Qida Təhlükəsizliyi Agentliyi bu gün xaricdən gətirilən malların saxlanma şəraitini, istifadə vaxtının keçib-keçmədiyini tam yoxlayır:

“Əgər Agentlik digər ölkələrdən gətirilən məhsulları bir dəfə və eyni məhsulun yalnız 50 kiloqramını yoxlayırsa, Ermənistandan gətirilənləri bir neçə dəfə və daha çox həcmdə yoxlayar. Belə olanda o məhsulu gətirən iş adamının özünün bir məsuliyyəti olacaq. İqtisadiyyat özü bu cür məsələləri tənzimləyir. Biznesmen düşünəcək ki, Azərbaycan bazarı daha böyükdür, daha çox sata, nəticədə daha çox qazanc əldə edə bilər.  Bəlkə də, düşünülənin əksinə, daha keyfiyyətli məhsul buraxaraq buranın bazarını ələ almaq istəyərlər.

Amma bunları əsas tutaraq heç vaxt belə bir şey etməyəcəklərini də deyə bilmərik. Daim ehtiyatlı davranmalıyıq. O da ola bilər ki, istehsal müəssisəsində çalışan hansısa psixi problemi olan bir erməni sahibkarın xəbəri olmadan məhsula nəsə qatsın. Yəni ortada işçinin yarada biləcəyi risklər də var. Amma sahibkar belə halların qarşısını almaq üçün həmin məhsulun Azərbaycana göndəriləcəyini deməyə bilər. Adətən, fabrikdən çıxan məhsulun haraya aparılacağını işçilər heç bilmirlər. Çünki o, anbarda toplanır və  orada hansı ölkəyə göndəriləcəyi bəlli olur. Yəni əvvəldən sifariş olaraq hazırlanmır ki, 20 ton yağı Azərbaycana göndərək”.

Sayad Həsənli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir