• Ç. Apr 24th, 2024

Mətanət İsgəndərli: “Həkimlər mənə dedi ki, heç ümidimiz yox idi ki, səni sağalda bilək”

ByYenigun.news

May 25, 2021

“Heç bilmədim ki, koronovirusa harada və necə yoluxdum. Virusa oğlum Kərimlə birlikdə yoluxmuşdum. Mən xəstəliyi çox ağır keçirdim, səhhətim heç yaxşı deyildi. Heç umidim yox idi ki, sağalım, ciyərlərimin 75-i buzlu şüşə idi. Düz 21 gün reanimasiyada qaldım, bu günlər ərzində yatmamışam, nəfəs ala bilmirdim. Bir az babat olandan sonra həkimlər mənə dedi ki, heç ümidimiz yox idi ki, səni sağalda bilək. Demək ki, qismətimdə ölüm yox imiş. Allaha o qədər yalvardım ki. Dedim ki, Allahım, yaşamaq istəyirəm, balalarımdan, ailəmdən, qohumlarımdan, dostlarımdan doymamışam. Xalqımızın, məni sevən insanların duaları məni yaşatdı. Gözəl Allah bütün duaları eşitdi. İnanın ki, hələ də şokdayam, inana bilmirəm, elə bilirəm ki, yuxudayam. 5 gündür ki, xəstəxanadan çıxmışam, bacım Təranə də yanımdadır, mənə qulluq edir”. 

Yenigun.news xəbər verir ki, bunu Moderator.az-a özəl açıqlamasında koronovirusdan sağalan əməkdar artist Mətanət İsgəndərli deyib. Sənətçi daha sonra əlavə edib.

“Kərim sağ olsun, çox qulluğumda durdu. Mən heç onu belə bilməzdim. Hamama salıb məni öz balası kimi çimizdirirdi. Ona qurban olaram mən. Bir də mənə ən çox təsir edən bilirsiz nə oldu?! Oğlum həkimi göndərib ki, get anamdan xəbər bil, gör necədir? Xahiş edib, yalvarıb Kərim ona. Həmin həkim gəlib dedi ki, oğlun ağlayır. Həkimin o cür deməyi mənə çox pis təsir etdi, başladım ağlamağa. Dedim ki, ay Allah, bunu mənə niyə dedin?! Bu hadisə hər yadıma düşəndə ürəyim sızıldayır, ağlayıram” deyə müğənni bildirib.

Müğənni sonda xəstə olarkən onunla maraqlanan insanlara öz təşəkkürünü bildirib.

“Mənə görə narahat olan bütün insanlara təşəkkürümü bildirirəm. Xəstə olanda mənimlə Zeynəb Xanlarova, Polad Bülbüloğlu da maraqlanıb. Oğlum deyir ki, müğənni Rəqsanə bir gün dayanmırdı, zəng edirdi, deyirdi ki, nə lazımdırsa mən hazıram. Sağ olsun, o çox yaxşı qızdır. Kərimi tək qoymadı, kimin başına nə gəlsə birinci özünü çatdırır. Bundan başqa Nazpəri Dostəliyeva, Şəbnəm Tovuzlu, Sərxan Kərəmoğlu, Könül Kərimova, Səyyad Əlizadə, Rövşən Məmmədov və s. bütün sənət dostlarım hamısı səhhətimlə maraqlanıblar. Allah onların ürəyinə görə versin. Kimlərinsə adını çəkə bilmədimsə üzrlü saysınlar, indi-indi özümə gəlirəm. Ağadadaş Ağayevlə də danışıram, ondan da yaman narahat idim. Biz sənət adamlarına xəstəlik yaraşmır, biz yaranmışıq ki, insanları sevindirək, onlara ruh yüksəkliyi verək. Müalicə aldığım  xəstəxanadakı tibbi personal da mənə çox can yandırırdılar, təkcə mənə yox, elə bütün xəstələrə. Elə bir xəstəxanada yatırdım ki, orada ölüm halları çox az olur. Mən də o xəstəxananın, düzgün müalicənin hesabına sağaldım. Bu xəstəliyin gərək vaxtında üstünə düşəsən, gecikdirməyəsən. Hələ ki, Moskvadayam, inşallah Bakıda görüşənə qədər. Nə qədər toylarım təxirə düşdü. Qismətdir, təki salamatçılıq olsun. Şükür Allahın məsləhətinə!” deyə əməkdar artist bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir