• Şb. Noy 23rd, 2024

AZƏRBAYCANIN UĞURLASRINI QƏBUL ETMƏYƏN QÜVVƏLƏRİN İFTİRALARI BİZİ QORXUTMUR

Byadmin

Okt 20, 2021

Biz yaxşı bilirik ki, 1990-сı illərin əvvəlləri Azərbaycan tarixinin ən ağrılı səhifələri olan birinci Qarabağ müharibəsi bizim üçün çoxlu qurbanlarla, itkilərlə həyatımıza yazılsa da, 2020-ci ilin sonları tariximizə qızıl hərflərlə həkk olunmuş, 44 günlük ikinci Qarabağ müharibəsində tarixi qələbəmizlə, torpaqlarımızın azad olunması ilə başa çatmışdır. Möhtərəm Prezidentimiz, şanlı ordumuzun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın yaratdığı Dağlıq Qarabağ münaqişəsi tarixə çevrildi.
Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə 2021-ci il 7 oktyabr tarixli müsahibəsində çox düzgün olaraq göstərib ki, bizim uğurlarımızı bir çoxlarının gözü götürmür. Siyasi konyunkturadan asılı olaraq Qərbdə bəzi qüvvələr vaxtaşırı Azərbaycanı gözdən salmaq, onun mövqeyini zəiflətmək üçün müxtəlif iftiralardan və böhtanlardan istifadə etməyə çalışır. İkinci Qarabağ müharibəsində Qələbə bir çoxları üçün sürpriz oldu. Bu, onların xoşuna gəlmədi. Onlar Azərbaycanı zəif, asılı, işğal altında olan və hər zaman münaqişənin həlli üçün yardım istəyən ölkə kimi görmək istəyirlər. İndi isə bir halda ki, Azərbaycan bunu özü etdi və Ermənistanı məğlub etdi, Ermənistana sıx bağlılığı olan Qərbdəki həmin dairələr yenə böyük fəallığa keçiblər. Bunlar gözlənilən hallardır, biz bilirdik ki, Azərbaycana qarşı yeni qarayaxma kampaniyası planlaşdırılır. Amma bütün çirkin hekayələrin Azərbaycan xalqı üçün heç bir mənası yoxdur.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi ədalət bərpa olundu. İşğaldan, əsirlikdən azad edilən torpaqlarımız əsl sahiblərinə qaytarıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində qeyd edib: “Bölgəmizdə yeni reallıq yarandı. Bu reallığı biz yaratdıq. Azərbaycan yaratdı bu reallığı. Biz düşməni torpaqlarımızdan qovduq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdik. Bu qətnamələr 27 il idi ki, kağız üzərində qalırdı. Bu qətnamələr 27 il idi ki, sadəcə olaraq, bir çoxları üçün kağız parçası idi, təkcə Ermənistan üçün yox, başqaları üçün də. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdik, ərazi bütövlüyümüzü bərpa etdik.
İnanırıq ki, qalib Azərbaycanın yaratdığı əməkdaşlıq imkanlarından bütün region faydalanacaq. Və bu, bir vətəndaş kimi xalqımızı, ölkəmizin hər bir vətəndaşını sevindirir, Vətənin yüksəlişi yolunda yeni-yeni qələbələrə ruhlandırır. Biz möhkəm inanırıq ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət strategiyasının hörmətli Prezidentimiz tərəfindən uğurlu davamı müstəqil dövlətimizin dünya birliyindəki mövqelərini daha da artıracaq.
Ələkbər Niftiyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir