• Şb. Noy 23rd, 2024

ŞANLI ORDUMUZ ZƏNGİLAN UĞRUNDA DÖYÜŞLƏRDƏ QƏHRƏMANLIQ NÜMUNƏSİ GÖSTƏRDİ

Byadmin

Okt 20, 2021
 Ötən ilin bu günləri elə bir vaxt idi ki, xalqımız döyüş meydanından, cəbhə bölgəsindən səbirsizliklə yeni xəbərlər gözləyirdi. Hər bir kəndin, hər bir şəhərin, hər bir strateji yüksəkliyin işğalçılardan azad edilməsi böyük peşəkarlıq, cəsarət, rəşadət, qəhrəmanlıq tələb edirdi. Bizim hərbçilərimiz şəhid olurdu, yaralanırdı, ancaq bütünlükdə hissələrimiz irəli gedirdilər. Eyni zamanda, mənfur düşmən dünyanın gözü önündə mülki əhaliyə qarşı cinayət törədirdi, bizim yaşayış məntəqələrimizi daim atəşə tutur, hər gün cəbhəboyu şəhərlərimiz, kəndlərimiz atəşə məruz qalırdı. Bu namərd atəşə ən çox məruz qalan Tərtər rayonu idi, eyni zamanda, Ağdam, Goranboy, Ağcabədi, Bərdə, digər şəhər və rayonlarımız düşmən tərəfindən atəşə tutulurdu. Gəncə şəhərinə namərd zərbələr nəticəsində dinc əhali həlak olurdu. Amma düşmən üçün bunun fərqi yox idi. Belə bir fərq onlar üçün mövcud deyildi. Onlar döyüş meydanında məğlubiyyətə uğrayırdılar, Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilmirdilər. Bütün dünya görürdü ki, Azərbaycan hansı mənfur, vəhşi düşməndən öz doğma torpaqlarını azad edir.      
   2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Zəngilanın işğaldan azad olunması ilə 132 kilometr Azərbaycan-İran sərhədi tam bərpa edildi.. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlandı.
  Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
 Bu gün artıq biz Zəngilanın azad olunmasının 1 illiyini qeyd edirik. Bir il çox sürətlə keçdi və bu qələbəmiz hər birimizi sevindirir, əminik ki, cənab Prezidentimizin rəhbərliyi ilə xalqımızı qarşıda yeni-yeni uğurlar gözləyir.

Yaşar Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir