• Bz. Apr 28th, 2024

Tarixə yazılan qardaşlıq nümunəsi

ByVuqar Ferzeliyev

İyn 9, 2023

İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bu sənəddə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdir ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. XXI əsrdə azad edilmiş Şuşada müttəfiqlik Bəyannaməsinin imzalanması bu cür yanaşma və fəlsəfənin təcəssümüdür. Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Azərbaycana Türkiyənin mənəvi-siyasi dəstəyi əvəzolunmazdır.

Dövlətimizin başçısı İlham Əliyevin  prezident seçkilərində layiqli qələbə qazanmış Rəcəb Tayib Ərdoğanla şəxsi qardaşlıq münasibəti bu birliyin daimiliyinin göstəricisidir. Ən əsası budur ki, iki liderin Şuşada imzaladıqları Bəyannamə Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” müdrik kəlamının reallığa əsaslandığının  dünyaya təqdimatı oldu.

Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsində bir çox önəmli məsələlər öz əksini tapıb: beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti. Həmçinin Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir. Ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edən Bəyannamə iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Bəyannamənin strateji əhəmiyyəti olduqca böyükdür. Azərbaycan Respublikası və Türkiyə Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə qarşılıqlı yardım əməkdaşlığın prinsipial istiqamətidir. Əraziyə yeni sərmayə qoyuluşu o deməkdir ki, az bir müddətdən sonra Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları yaranacaq. Əhalinin durumundakı fərqlər, ticarət imkanları, iş yerləri Azərbaycanı daha cazibədar edəcək.

Bütün bunlar o deməkdir ki, Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi əməkdaşlığın strateji istiqamətlərindən biridir. Sülh Ermənistanın yeganə çıxış yoludur. Tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edirlər.

Daha bir mühüm cəhət bundan ibarətdir ki, Bəyannamə ölkəmizin beynəlxalq nüfuzunu artırır. Möhkəm əminik ki, bu sənəddə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu getdikcə daha da artıracaq.

Hafiz Cavadov,

Lənkəran-Astara Regional Təhsil İdarəsi

Cəlilabad Təhsil Sektorunun məsul işçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir