Heydər Əliyev siyasətinin ziyalılıq səviyyəsinin göstəricisi, mənsub olduğu xalqa böyük ziyalı xidməti idi. Milləti maarifləndirmək, mütəşəkkil etmək, dünyaya çıxarmaq, onu övlad məhəbbəti ilə sevmək, gələcəyə gedən yolunu işıqlandırmaq və nəticə etibarilə, onun ziyalı liderinə çevrilmək məhz Heydər Əliyevə qismət oldu.
Heydər Əliyevin ziyalı siyasəti onun siyasətindəki ziyalılığın birbaşa davamı idi. Azərbaycan xalqının ümummilli lideri birinci dəfə respublika rəhbərliyinə gəldikdən sonra hər şeydən əvvəl xalqın nüfuzlu ziyalılarını öz ətrafına topladı, onların intellektindən xalqın, respublikanın mənafeyi naminə istifadə etdi ictimai həyatın hər bir sahəsində ziyalılığı əsas göstərici səviyyəsinə qaldırdı. Azərbaycan tarixinin ən qaranlıq dövrlərindən milli ziyalı potensialını üzə çıxaran, millətin yaddaşını bərpa edən, Nizaminin, Əcəminin, Nəsiminin, Füzulinin, Vaqifin, M.F.Axundovun, H.Zərdabinin C.Məmmədquluzadənin, N.Nərimanovun, H.Cavidin, Ü.Hacıbəyovun, C.Cabbarlının, S.Vurğunun şəxsində Azərbaycan ziyalılığına xüsusi status verən Heydər Əliyev hələ müstəqillik dövrünə qədər Azərbaycanın ən böyük ziyalısı, idyea-fikir cəngavəri, gələcəkdə müstəqil Azərbaycanın dövlətini yaradacaq azərbaycançılıq ideologiyasının banisi idi.
Azərbaycanın lideri həyata keçirdiyi bütün tədbirlərdə cəmiyyətin, xüsusilə ziyalıların bilavasitə iştirakını təmin etməklə böyük mənada kollegiallıq göstərir, xalqı fəaliyyətə ruhlandırır, “fəal həyat tərzi”ni təbliğ edirdi. Azərbaycanlıları sosial-siyasi proseslərdən təcrid etmək, milləti passivləşdirmək “təcrübə”sini öz güclü iradəsi ilə məhz Heydər Əliyev aradan qaldırdı.
Hələ sovetlər birliyi dövründə, olduqca mürəkkəb tarixi şəraitdə ulu öndər Heydər Əliyev Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ilə bağlı tarixi əhəmiyyətli xidmətlər göstərmişdir. 1991-ci ildə latın qrafikalı Azərbaycan əlifbası qəbul olunsa da, bu qərar kağız üzərində qalmışdı. Yalnız ümummilli liderimiz Heydər Əliyevin Prezident Fərmanından sonra ana dilimizin tətbiqi işi daha mükəmməl səviyyədə həyata keçirildi və respublikada bütün yazılı sənədləşmələr latın qrafikası ilə aparıldı.
Ümummilli lider Heydər Əliyevin nizam verdiyi ziyalılığın dövlətçiliyə yönəlik çağdaş durumu Azərbaycanın suverenliyinin dönməzliyində mühüm amildir. Millət atası milli ziyalı zəkasına, yurd sevgisinə və dəyanətinə arxalanaraq təkrar-təkrar deyirdi: “Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir.”
Rafiq Hüseynov,
Cəlilabad rayon Eçara kənd tam orta məktəbin direktoru