Prezident İlham Əliyevin cari ilin 21 iyul tarixində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışında qeyd etdi ki, torpaqlarımızı azad edəndən sonra ölkəmizə qarşı potensial təhlükə görmürük.Daxildə hər hansı bir təhlükə yoxdur, ölkə sabitdir, cəmiyyətdə həmrəyliyin səviyyəsi heç vaxt olmadığı qədər yüksəkdir, ölkənin iqtisadi inkişafı olduqca təsirlidir. Azərbaycanın iqtisadiyyatı özünü təmin edir, biz öz resurslarımızla özümüzü təmin edirik və yaxşı idarəçilik mövcuddur.
Lakin unutmamalıyıq ki, qonşularımız tərəfindən kürəyimizə bıçaq sancıldı, gözlənilmədiyi anda qonşularımız kürəyimizə bıçaq sancdı və o zaman Azərbaycanda olan xaosdan istifadə edərək ərazilərimizi işğal etdi.
Biz unutmamalıyıq ki, bu gün Ermənistan cəmiyyətinin, hətta hökumətinin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır. Ona görə biz hər hansı bir ssenariyə hazır olmalıyıq. Bu məqsədlə İkinci Qarabağ müharibəsi bitən kimi müdafiə sahəsində dərin islahatlar həyata keçirməyə başlamışıq.
Prezident çox düzgün qeyd etmişdir ki, beynəlxalq hüquq işləməyəndə, imza o qədər də əhəmiyyətə malik olmayanda sülhün təminatı yalnız gücdür. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, Ermənistan qoşunları dərhal və qeyd-şərtsiz Azərbaycanın ərazisindən çıxarılmalıdır. Ancaq o qətnamələrə riayət edilmirdi və bu gün həmin tendensiya davam edir. Regional inkişafəsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır. Hazırda bir sıra beynəlxalq təşkilatlar bizə qarşılıqlı qəbul olunacaq həlli tapmaqda yardım etməyə çalışırlar. Bu günə kimi gördüklərimiz odur ki, bütün beynəlxalq təşkilatlar başa düşür ki, bu həllər beynəlxalq hüquqa əsaslanmalıdır.
İkinci Qarabağ müharibəsi başa çatandan bu günədək təxminən üç il keçib, biz getdikcə daha çox sayda birbaşa bəyanatlar eşidirik ki, Qarabağ Azərbaycanın ərazisidir.İşğal dövründə belə bəyanatlar olsaydı, çox güman ki, İkinci Qarabağ müharibəsi başlamazdı. Təəssüf ki, uzun illər – 28 il ərzində Minsk qrupu çərçivəsində gedən danışıqlar heç bir nəticə vermədi. Ümumiyyətlə, həll üçün hər hansı düstur ortaya qoyulmadı.
Son iki il yarım ərzində bir neçə məqam oldu və onlar birbaşa Ermənistana nümayiş etdirdi ki, bizim ərazi bütövlüyümüzü tanımasalar, biz onların ərazi bütövlüyünü tanımayacağıq. Onlar artıq qəbul ediblər ki, Qarabağ Azərbaycandır. Bunu açıq şəkildə bəyan ediblər və artıq sənədə imza atmaq mərhələsidir. Əgər bu addım atılsa və Azərbaycana qarşı hər hansı ərazi iddialarından imtina edilsə, bu sazişin ilin sonunadək imzalanması kifayət qədər mümkündür. Ermənistanla münasibətlərin tənzimlənməsində biz sülh müqaviləsinin imzalanmasına nail olsaq, bu, ümumiyyətlə, Cənubi Qafqazda vəziyyəti sağlamlaşdıracaq və Cənubi Qafqazı yüksək risk zonasından çıxarmış olacaq.
Kamal Ələsgərov,
Cəlilabad rayon Əsədli kənd
tam orta məktəbinin direktoru