Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllərə malikdir. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı siyasi, iqtisadi, mənəvi, eləcə də geostrateji mahiyyəti ilə ötən dövr ərzində öz təsdiqini tapıb. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq, qarşılıqlı maraqlar əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir”.
Türkiyə-Azərbaycan münasibətləri hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Komitə sədri vurğulayıb ki, ölkələrin iqtisadi potensialı da qardaşlığımızın qüdrətini daha da artırır. Onun sözlərinə görə, Azərbaycan və Türkiyənin mövcud potensialı əlaqələrin iqtisadi sferada, xüsusən də qarşılıqlı ticarət dövriyyəsinin həcminin indiki ilə müqayisədə xeyli dərəcədə artırılmasına imkan verir.
2021-ci il 1-3 iyun tarixlərində YAP-ın nümayəndə heyəti Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) dəvəti ilə Ankara şəhərində səfərdə olmuşdur. Nümayəndə heyətini qəbul edən Türkiyə Prezidenti Türkiyə-Azərbaycan əlaqələrinin hazırkı mərhələyə çatmasında Azərbaycan Prezidentinin rolunu yüksək qiymətləndirdiyini vurğulamış, bundan sonra da bölgədə sülhün bərqərar olması və iki qardaş ölkənin münasibətlərinin daha da inkişaf etdirilməsi işinə Prezident İlham Əliyevin mühüm töhfələr verəcəyinə əmin olduğunu ifadə etmiş, hər iki tərəfdən hakim partiyaların roluna toxunaraq partiya funksionerlərinin fəaliyyətlərini yeni çağırışlara uyğunlaşdıra bilmələrinin vacibliyini qeyd etmişdir.
“Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır” – Prezident Rəcəb Tayyib Ərdoğan belə deyib. “Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir” – bunu da Prezident İlham Əliyev deyib. Soy kökü, dil, mədəniyyət və digər bu kimi ortaq mənəvi dəyərlərlə bir-birinə bağlı olan Azərbaycan və Türkiyə respublikaları arasındakı münasibətlər bu gün də öz axarı ilə inkişaf etməkdədir. Hər iki dövlətin başçıları təkcə mehriban qonşuluq siyasətini deyil, ölkələrimizin daha da yaxınlaşmasını şərtləndirən mənəvi prinsipləri əsas götürərək tarixən mövcud olmuş əlaqələrin daha yüksək səviyyəyə çatdırılması üçün bütün zəruri addımları atırlar. Təməlində qırılmaz dostluq və qardaşlıq telləri dayanan Azərbaycan-Türkiyə əlaqələri bütün istiqamətlərdə strateji önəm daşıyır. Azərbaycan və Türkiyə bölgədə və dünyada gedən proseslərə münasibətdə həmişə eyni mövqe sərgiləmiş, eyni milli maraqlardan çıxış etmişlər. Dünya siyasi düzəninin indiki şəraitində isə hər iki ölkənin bölgədə və dünyada gedən proseslərə vahid prizmadan yanaşmaları, xüsusən ərazi bütövlüyü kimi həssas məsələlərdə bir-birlərinin maraqlarını müdafiə etmələri daha mühüm əhəmiyyət kəsb edir. Təqdirəlayiq haldır ki, hər iki ölkənin siyasi rəhbərliyi indiki şəraitdə daha prinsipial mövqe nümayiş etdirirlər.
Mahir Tarverdiyev, Cəlilabad rayonu, Abazallı kənd sakini, müəllim