• Bz. Noy 10th, 2024

ZƏRİFƏ XANIM ƏLİYEVANIN HƏYAT YOLU NƏSİLLƏRƏ ÖRNƏKDİR

ByYenigun.news

Apr 16, 2021

       Gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük alim – Zərifə xanım Əliyeva! Bütün həyatı, ailəsi, fəaliyyəti örnək, nümunə olan bir şəxsiyyət! Vətənimizin, xalqımızın dəyərli övladı və rəhbəri, möhtərəm Prezidentimizin əziz anası! Eyni zamanda qadınlıq, zəriflik, möhtəşəmlik mücəssəməsi! Azərbaycan xalqı özünün belə istedadlı şəxsiyyətləri, elm və mədəniyyət adamları, siyasi xadimləri ilə qürur duyur, onların xatirəsini əziz saxlayır.

       Aprelin 28-də görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 98-ci ildönümü tamam olur. Hər zaman olduğu kimi, bu il də Zərifə xanım Əliyevanın doğum günü təkcə görkəmli alimimizi yad etmək deyil, həm də insanları elmə, biliyə yiyələnməyə, humanist addımlar atmağa, nümunəvi vətəndaş olmağa çağırış mahiyyəti daşıyır. Ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan, ləyaqətli bir ömür yaşayan Zərifə xanım Əliyevanın olduqca mənalı və zəngin həyat yolu, ailəsi, övladları, xalqı, dövlətinin xoşbəxtliyi uğrunda fədakarlığı nəinki bugünkü, həm də gələcək nəsillər üçün bir örnək və yaşam etalonudur. 

        Zərifə xanım Əliyevanın zəngin elmi irsi dünya oftalmologiyasına mühüm töhfələr verib. Onun elmi fəaliyyətinin əsas istiqamətini görmə orqanının peşə patologiyası müəyyənləşdirirdi. Bu sahə olduqca ağır idi. Onun araşdırılması təkcə dərin oftalmoloji savad yox, həm də fundamental təcrübi biliklər tələb edirdi. Bu keyfiyyətlər isə Zərifə Əliyevada var idi. Peşə oftalmologiyasının öncülü sayılan Zərifə xanım Əliyeva dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmışdı. Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan istedadlı alimin gözün oftomoloji, histomikroskopik və histokimyəvi tədqiqi, klinik diaqnostika və s. istiqamətlərdə də dərin elmi araşdırmalar aparırdı. Bütün bu axtarışlarının nəticəsi olaraq o, 1976-cı ildə doktorluq disertasiyasını müdafiə etdi. Oftalmologiyada hadisəyə çevrilən bu müdafiədən bir müddət sonra o, kafedra müdiri seçildi.

        Zərifə xanım Əliyeva elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməmiş, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir. Ümumiyyətlə, təbabət elmində məhsuldar alim kimi tanınan Zərifə xanım göz xəstəliklərinə dair 140 elmi məqalə, bir neçə monoqrafiya və kitab yazıb çap etdirmiş,. çoxillik elmi axtarışlardan belə qənaətə gəlmişdi ki, xəstə gözlərin müalicəsi çətin və ağrılı prosesdir. Ona görə də o göz xəstəlikləri sahəsində profilaktika metodlarına daha çox əhəmiyyət verməyə başladı. Bu, həmin dövr üçün olduqca uzaqgörən və müasir bir məsələ idi. Zərifə xanım bu zəmində sonralar ona böyük şöhrət gətirmiş göz xəstəliklərinin profilaktikası üçün öz metodikasını hazırladı.

       O, artıq elmin zirvəsində idi. 1983-cü ildə Zərifə Əliyevanın Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi bunun təsdiqi oldu. O, həm də keçmiş SSRİ-də ilk qadın həkim olaraq Tibb Elmləri Akademiyasının akademik Aberbax mükafatına layiq görüldü. Bunlar həm də onun apardığı çoxillik elmi-tədqiqatların yüksək səviyyəsinə, sosial əhəmiyyətinə, ictimai fəallığına, pedaqoji istedadına verilən yüksək qiymət idi. Onun alim şöhrəti artıq dünyanı dolaşmaqda idi.

        İnsanlarla mehribanlığı, dərin humanizmi Zərifə xanımın peşəsinə münasibətində də özünü aydın göstərirdi. O, haqlı olaraq hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir. Zərifə Əliyeva müxtəlif xəstəliklərin diaqnostikası və müalicəsi problemləri ilə yanaşı, həkim etikası və tibbi deontologiya məsələləri ilə də maraqlanıb. Onun “Yüksək etimad” kitabı cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfədir. Zərifə Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf edib. Onun birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli formalaşıb. Diqqətəlayiq xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilib. Tibb sahəsində çoxşaxəli fəaliyyəti ilə bərabər, akademik Zərifə Əliyeva ictimai işlərdə də fəallıq göstərib, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olub. Zərifə xanım həm də “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü idi.

       Zərifə xanım Əliyeva nadir, unikal bir qadın idi, qeyri-adi ana idi. Onun övladlarına münasibəti də xüsusi  idi və başqalarından seçilirdi. Belə münasibətin bənzərini tapmaq çətindir. O, uşaqları ulu Tanrı tərəfindən bəxş olunmuş bir nur payı kimi qəbul edirdi. Elmi və ictimai işlər onun vaxtını həddən artıq aparsa da, övladlarının tərbiyəsi, təhsili ilə bağlı hər şeyə özü diqqət yetirir, hər kiçik məsələdə, hadisədə şəxsən özü iştirak edirdi. Bu baxımdan, onu öz ailəsinin xeyirxah dahisi adlandırmaq olardı. Sonralar həyat sübut etdi ki, Zərifə xanım vaxtında bu çətin və mürəkkəb işin, vəzifənin öhdəsindən necə bacarıqla gəlib. Zaman onu da göstərdi ki, bu müdrik ana övladlarına zəhməti, təhsili sevməyi çox mükəmməl öyrətmiş, onlarda ali dəyərlərinin əsasını təşkil edən sadəlik, səmimiyyət, təvəzökarlıq, xeyirxahlıq tərbiyə edə bilmişdir.

        Zərifə xanım həm də müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu, etibarlı silahdaşı idi.  Həm Zərifə xanım Əliyeva, həm də ulu öndər həyatlarının sonunadək gərgin fəaliyyətləri ilə ömürlərini Azərbaycana həsr ediblər.

       Zərifə xanım və onun həyat yoldaşı, ulu öndər Heydər Əliyev sahib olduqları nəcib keyfiyyətləri, ali mənəvi dəyərləri layiqli vətəndaş kimi yetişdirdikləri övladlarına ötürüblər. Bu gün Zərifə Əliyevanın övladları ilə, xüsusən də əziz oglu, İlham Əliyevlə bütün ölkə fəxr edir. Bu fəxarət hisslərində həm də onu dünyaya gətirib boya-başa çatdırmış soy-kökə,  layiqli övlad olaraq tərbiyə etmiş Zərifə Anaya dərin bir minnətdarlıq duyğuları var. Onunla bağlı hadisələr yaddaşların dərin qatlarından üzə çıxdıqca bu bənzərsiz insanın işıqlı obrazı sönməz günəş kimi parlayır və mənəviyyat tariximizin örnəyinə çevrilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir