• Ça. May 21st, 2024

Slovakiya-Azərbaycan əlaqələrinin tarixində  əlamətdar gün

ByVuqar Ferzeliyev

May 10, 2024

Slovakiya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 24 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulmuşdur. Slovakiya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi 1 oktyabr 2019-cu ildən fəaliyyət göstərir. Azərbaycan Respublikasının Slovakiya Respublikasında (Bratislava şəhərində) səfirliyi 28 iyul 2023-cü ildə təsis edilmişdir. İkitərəfli münasibətlərin genişlənməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasına səfəri böyük rol oynayıb. 18 mart 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasına işgüzar səfər edib. Azərbaycanda Slovakiya şirkətləri fəaliyyət göstərir və bu şirkətlər Azərbaycanda yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır. Azərbaycan Respublikası Milli Məclisində 13 dekabr 2005-ci ildən etibarən Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

  İllərdir əməkdaşlıq şəraitində olan iki ölkə May ayının 7-də yenidən bir araya gəlib. Nəticə isə prezident İlham Əliyevin işgüzar siyasəti nəticəsində yenə də ürəkaçandır. Bu barədə millət vəkili Kamran Bauramov deyib: “Azərbaycan-Slovakiya əlaqələrində yeni səhifə açılır. Qarşılıqlı səfərlər çərçivəsində müzakirə olunan məsələlər, imzalanan sənədlər bu əlaqələrin yüksələn xətlə inkişafında stimulverici amil rolunu oynayır. Bu baxımdan Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə səfəri xüsusilə diqqət çəkir. Səfər çərçivəsində Prezident İlham Əliyevin və Robert Fitsonun tətbətək və geniş tərkibdə görüşləri, mətbuata birgə bəyanatları iki ölkə arasında münasibətlərin dünəni, bugünu və gələcəyi barədə aydın təsəvvür yaratdı”.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun iştirakı ilə “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”, “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalandı.

Azərbaycan-Slovakiya münasibətlərinin mühüm istiqamətlərindən biri kimi azad edilmiş torpaqlarda Slovakiya şirkətlərinin fəaliyyəti yüksək qiymətləndirildi. Prezident İlham Əliyev cari ilin 7 may tarixində Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında bildirdi ki, Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu da təbii ki, həm böyük rəmzi məna daşıyır, həm də əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları sevindirəcək.

Deputat K.Bayramovun da dediyi kimi hazırda ölkələrarası münasibətlər siyasi dialoqa, etibarlı tərəfdaşlıq, müttəfiqlik münasibətinə söykənir və bu, uğurlu əməkdaşlıq üçün çox mühümdür. İnamla qeyd edə bilərik ki, bu səfər bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək. 

Hüseynova Aytac

Saatlı rayon A.Çaxoyev adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir