• Bz. May 5th, 2024

Azərbaycanın Birinci xanımı əsil örnəkdir

ByVuqar Ferzeliyev

Mar 8, 2022
   Azərbaycan qadını əbədi gözəllik simvolu olmaqla yanaşı, dövlətin, cəmiyyətin, ictimai-siyasi həyatın, hər bir evin aynası, o evdəki həyatın mənası, ailənin dayağıdır.  Azərbaycan qadınları müdrik hökmdar, cəsur sərkərdə, bacarıqlı diplomat, istedadlı şairə, sənətkar kimi tariximizdə iz qoyublar. Zəmanəmizdə isə sədaqətli Vətən qızı, mübariz ictimai xadim, xeyirxah insan missiyasının daşıyıcısı olan xanımlar haqqında söhbət, təbii ki, cildlərə sığışmaz, onların ümumiləşmiş siması kimi, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adı və fəaliyyəti danılmazdır.
   Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.Dünyada ən işgüzar Birinci Xanım kimi tanınan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva böyük və çoxşaxəli fəaliyyəti dövründə bir-birindən fərqli layihələrin müəllifi olaraq saysız insanların mənəvi dostuna çevrilib. Həyata keçirdiyi layihə və proqramlarının əsas istiqamətlərini təhsil, mədəniyyət, səhiyyə, idman və sosial sahələr təşkil edir. Heydər Əliyev Fondu uğurlu layihələrin müəllifi olaraq, yüksək səviyyəli konfranslarda, festivallarda itşirak edib, eyni zamanda belə miqyaslı tədbirlərə ev sahibliyi edib. Fond qayğıya ehtiyacı olanlara kömək göstərmək, milli-əxlaqi dəyərləri qorumaq, həmçinin dünya ictimaiyyətinin diqqətini Azərbaycan həqiqətlərinə cəlb etmək üçün fəaliyyətində qətiyyətlidir, israrlıdır.  Əslində, onun gördüyü bu işlər Azərbaycanı yaşatmaq siyasətidir. Azərbaycanı tanıtmaq siyasətidir. Ehtiyacı olan iqsanlara yardım edir, mənəvi dünyasının qapılarını onların üzünə açır. Bu fəaliyyət humanizm meyarına söykənir. Belə mənəvi dəyərlərə malik olan bir Azərbaycan xanımı deyib ki, “Mən siyasətlə məşğul olmuram, sadəcə insanlara kömək edirəm. Əgər bunu siyasət adlandırmaq olarsa, buyurun, elə də hesab edin. Bu, mənim seçimimdir”.
   Müsahibələrinin birində Azərbaycanın Birinci Xanımı belə deyir: “İstər YUNESKO-nun xoşməramlı səfiri kimi, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm”. Məhz bu keyfiyyətlərə görə xalqımızın Mehriban qızına el-obanın sevgisi və rəğbəti tükənməzdir.
   Fəxrlə deyə bilərik ki, Azərbaycanın Birinci vitse-prezidenti , ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Mehriban Əliyevanın haqq-ədalət, humanizm, xeyriyyəçilik və bəşəri prinsiplərə söykənən çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan qadınları, eləcə də dünya qadınları üçün əsl örnəkdir. Əziz Mehriban xanımı və onun öladlarını ürəkdən təbrik edir, ona xalqımızın tərəqqisinə xidmətdə uğurlar diləyirik.

Mənzilə Məmmədova, ADPU Cəlilabad filialının fakultə dekanı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir