• C. Noy 22nd, 2024

HEYDƏR ƏLİYEVİN İRSİ
UĞURLU İNKİŞAFIN TƏMƏLİDİR

Byyenigun

Dek 12, 2021

Azərbaycan tarixinin Heydər Əliyev dövrü. Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə sıx bağlıdır.
Ulu Öndərin idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnmişdir. Xalqın tarixi yaddaşının özünə qaytarılması onun qəlbində illərdən bəri sıxılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratmışdır.90-ci illərin əvvəllərində Azərbaycanda baş vermiş hadisələr, yenicə müstəqilliyinə qovuşmuş ölkənin gələcəyi üçün təhlükə törədirdi. Belə bir vaxtda ölkəni bu bəladan xilas edərək, gələcək inkişafa doğru inamla apara biləcək bir liderə ehtiyac duyulurdu. Kövrək müstəqilliyin xilası. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə ölkədə hakimiyyət uğrunda başlanan silahlı mübarizə, hakimiyyətlərin bir-birini əvəz etməsi və çoxhakimiyyətliliyin hökm sürməsi müstəqil dövlətçiliyə ağır zərbələr vurmuşdu.
Ölkədə yaranmış ictimai-siyasi xaos, anarxiya, zorakılıq halları, milli və vətəndaş qarşıdurmasının kəskinləşməsinə və hakimiyyətin tam iflasına rəvac verirdi. Nəticədə, 1993-cü ilin yayında Azərbaycan dövlətçiliyi böhran və məhv olmaq təhlükəsi qarşısında qalmış, ölkə vətəndaş müharibəsi və parçalanma həddinə gətirilmişdi. Belə bir vəziyyətdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər öz böyük siyasi təcrübəsi və müdrikliyi ilə Azərbaycanı bu təhlükəli vəziyyətdən çıxarmaq üçün gərgin işə başlamışdır. İlk növbədə, hakimiyyət vakuumu aradan qaldırılmış, respublikanın müxtəlif bölgələrində baş qaldırmış destruktiv qüvvələr xalqın fəal köməyi ilə zərərsizləşdirilmiş, vətəndaş müharibəsinin qarşısı alınmışdır. Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar ünsürlər cəmiyyətdən təcrid edilmişdir.
Məhz belə bir vaxtda xalqımızın təhkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev respublikanı müstəqilliyin itirilməsi təhlükəsindən qurtarmış, çağdaş tariximizə dövlətçiliyin xilaskarı və qurucusu kimi daxil olmuşdur. Qısa bir müddət ərzində həyata keçirilmiş islahatlar, dövlət müstəqilliyinin qorunub saxlanılması üçün atılmış addımlar, Dünyanın və Avropanın nüfuzlu beynəlxalq təşkilatları ilə əlaqələrin qurulması və əməkdaşlığın uğurla davam etdirilməsi ölkəmizin inkişafı istiqamətində mühüm rol oynamışdır. Bu gün ölkəmiz Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Cənab Prezident tərəfindən həyata keçirilən uğurlu və məqsədyönlü daxili və xarici siyasət, ordu quruculuğu sahəsində görülmüş işlər, vətənpərvər gənc nəslin yetişməsi yönündə həyata keçirilmiş tədbirlər Vətən müharibəsində ölkəmizin qələbəsinin təmin olunmasında mühüm rol oynadı. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin, cənab Prezident tərəfindən davamlı şəkildə inkişaf etdirilməsi, gənclərin daim diqqət mərkəzində saxlanılması haqq savaşımızda xüsusi şücaət göstərən gənclərə aşılanmış hərbi vətənpərvərlik sevgisinin təsdiqidir. Gənclər əsl vətənpərvərlik və qəhrəmanlıq nümunəsi göstərərək canlarından keçdilər, şəhid oldular, sağlamlıqlarını itirdilər, lakin qarşıya qoyulan məqsədə nail oldular – Azərbaycan tarixinə şanlı, unudulmaz Zəfər səhifəsini yazdılar. Bu gün gənclərimiz fəxrlə, qürurla deyirlər ki, onlar qalib Azərbaycanın gəncləridir.
Qənimət İsrafilova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir