1993-cü il Gəncə hadisələri AXC-Müsavat hakimiyyətinin cinayətkar səriştəsizliyi, ölkədə yaratdığı anarxiya, xaos, özbaşınalığın, cəbhə bölgələrində bir-birinin ardınca baş vermiş uğursuzluqların, hakimiyyətdə olanların pozucu fəaliyyətinin, AXC-Müsavat iqtidarına qarşı ümumxalq inamının heçə enməsinin məntiqi nəticəsi idi.
Milli Məclisin 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsindən deputatı Müşfiq Cəfərov mövzu ilə bağlı “Report”a açıqlamasında deyib ki, həmin ilin yayında Azərbaycanda vəziyyət getdikcə ağırlaşmışdı və hətta ölkənin müstəqilliyi təhlükə altında idi:
“Həmin dövrdə Azərbaycan iqtidarının hakimiyyət strukturlarına, silahlı birləşmələrə nəzarəti itirməsi 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. 1993-cü ilin iyunun 4-də Gəncədə hökumət qüvvələri arasında silahlı toqquşma baş verdi”.
O xatırladıb ki, bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırdı və ölkəni vətəndaş müharibəsi astanasına gətirmişdi:
“Vətənin bu ağır günündə xalq ulu öndər Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etmişdi. Ümummilli lider xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəlib və qısa zaman ərzində Azərbaycanda vətəndaş müharibəsinin qarşısını alıb. 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı təhlükədən xilas edib. Tam əminliklə deyə bilərik ki, 1993-cü ilin iyununda xalqın dəvəti ilə ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycanın müstəqilliyindən söhbət açmaq mümkün olmayacaqdı. Məhz Heydər Əliyev müasir Azərbaycan dövlətinin varlığını qorudu və Azərbaycan qarşısında tarixi bir missiyaya imza atdı. Ümummilli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi-siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Böyük zəka və iradə sahibi olan ümummilli lider Heydər Əliyev qısa zaman kəsiyində müharibə bölgəsində atəşkəsə, ölkədə möhkəm və dönməz sabitlik yaradılmasına, qeyri-qanuni silahlı dəstələrin ləğvinə, ümummilli böhrana son qoyaraq demokratik islahatlar yoluna keçirilməsinə nail oldu. Azərbaycan xalqının ulu öndərin azərbaycançılıq ideyası ətrafında daha sıx birləşməsi ilə müstəqil Azərbaycan dövlətçiliyi daha da möhkəmləndi. 1995-ci il 12 noyabrda müstəqil Azərbaycanın Konstitusiyası referendum yolu ilə qəbul edildi, bundan sonra sistemli şəkildə aparılan demokratik islahatlar sayəsində ölkədə bazar iqtisadiyyatı münasibətləri bərqərar edildi. Hesab edirəm ki, ömrünü ölkəsinə və xalqına xidmətə həsr edən dahi şəxsiyyət Heydər Əliyev müstəqil Azərbaycanın tarixində xilaskar kimi əbədi qalacaq”.
M.Cəfərov qeyd edib ki, bu gün ulu öndər Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:
“Ölkəmizin iqtisadiyyatı güclənib, insanlarımızın sosial müdafiəsi istiqamətində ardıcıl tədbirlər görülüb və görülür. Dövlət başçımızın siyasəti nəticəsində Azərbaycanın müsbət beynəlxalq imici formalaşıb. Bütün sadaladıqlarım faktlar isə bizim tarixi qələbəmizi şərtləndirib. 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərdən sonra Azərbaycan ərazi bütövlüyünü müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə təmin edildi. Prezident İlham Əliyev bununla həm də ata vəsiyyətini gerçəkləşdirdi. Eyni zamanda, xalqımızı arzularına çatdırdı. Prezident İlham Əliyev tərəfindən də qeyd edildiyi kimi, işğaldan azad olunmuş torpaqlarımızda işğalçı Ermənistan tərəfindən şəhər və kəndlərimiz viran qoyulub, tarixi və dini abidələrimiz yerlə-yeksan edilib ki, bu da böyük miqyasda planlaşdırma və bərpa işlərinin həyata keçirilməsinin tələb edildiyini göstərir. Məhz bu səbəblərdən hərbi əməliyyatlar yekunlaşan ilk günlərdən etibarən işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə start verilib. Gələcəkdə Qarabağ və Şərqi Zəngəzur ərazisi dünyanın ən müasir yaşayış məskənlərindən biri olacaq”.