Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT), heç olmasa, “sülhməramlılar” adı ilə də olsa Ukraynadakı “xüsusi hərbi əməliyyata” cəlb etməyə cəhd edir.
Bir neçə gün əvvəl Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov işğal olunmuş Ukrayna ərazilərində “KTMT ölkələrindən olan sülhməramlıların” yerləşdirilməsinə ehtiyac olacağını istisna etməyib.
Oxu.Az KTMT ölkələrinin Ukraynadakı müharibədə mümkün iştirakını şərh etmək üçün ukraynalı hərbi ekspert, “Strategiya XXI” Qlobalistika Mərkəzinin təhlükəsizlik proqramlarının rəhbəri Pavel Lakiyçuka müraciət edib:
– Əgər qeyd etdiyiniz ehtimal baş tutarsa, bu, qeyd-şərtsiz təcavüz aktı olacaq. Amma KTMT-nin bu yaxınlarda keçirilən sammitini əsas götürsək, Ukraynaya qarşı müharibədə bu təşkilatda təmsil olunan ölkələrin hərbi kontingentinin cəlb olunması ehtimalı azdır. Əgər bu baş verərsə, Ukrayna buna uyğun reaksiya verəcək. İcazəsiz və dəvətsiz bir ölkənin ərazisinə girən, Ukrayna Silahlı Qüvvələri ilə hərbi toqquşmalara daxil olan silahlı şəxslər necə adlandırıla bilər? Bunlar təcavüzkarlardır. Bizim isə təcavüzkarlarla dialoqumuz qısadır. Ukrayna öz ərazilərini işğaldan azad edəcək.
– Moskvanın KTMT-də olan bəzi müttəfiqlərinə təzyiq etmək vasitələri var. Aydındır ki, Qazaxıstan və digər Mərkəzi Asiya ölkələrini Ukraynadakı hərbi əməliyyatlara cəlb etmək praktiki olaraq mümkün olmayacaq. Amma Belarus və Ermənistan var.
– Sizinlə razıyam. Lakin Belarus artıq xeyli müddətdir ki, münaqişəyə cəlb olunub. Onlar KTMT-nin kamuflyajının arxasında gizlənmək məcburiyyətində deyillər. Belarusun müharibədə iştirakı təsdiqlənib və qeydə alınıb. Biz Vladimir Putinin Aleksandr Lukaşenkoya təzyiqini nəzərə alırıq. Ukrayna Silahlı Qüvvələri təkcə təxribatlara deyil, həm də Belarus istiqamətindən gələn hərbi əməliyyatlara hazırdır. Biz Belarus Silahlı Qüvvələrinin Ukrayna ilə sərhəddə cəmləşməsini izləyirik və buna cavab verməyə hazırıq.
Ermənistanın münaqişədə mümkün iştirakına gəlincə isə İrəvan, çətin ki, ciddi qüvvələr ayıra bilsin. Bu, ancaq “sülhməramlıları” guya legitimləşdirən simvolik kontingent ola bilər. Rusiya ordusu üstəgəl ermənilərin bölüyü – bunlar “KTMT-nin sülhməramlı qüvvələri”dir? Bu gülməlidir. Lakin Ukrayna vəziyyətin inkişafına adekvat cavab verəcək.
Nair Əliyev