“F-16”ların Türkiyəyə satışına qoyulan məhdudiyyət böyük ehtimalla müvəqqəti xarakter daşıyır”.
Bu barədə Türkiyə üzrə ekspert, “MK Türkiyə” nəşrinin baş redaktoru Yaşar Niyazbayev Oxu.Az-a danışıb.
“Mən bunu onunla əlaqələndirirəm ki, Türkiyə parlamenti İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolları ratifikasiya etməyə bilər. Elə bir vəziyyət yaranıb ki, Türkiyənin ratifikasiyadan mümkün imtinası ABŞ və şimal ölkələrinə razılaşmaları yerinə yetirmələri üçün müəyyən təzyiq alətidir. Birləşmiş Ştatlar üçün isə “F-16” satışı prosedurunun dayandırılması Ankaraya təzyiqdir və bununla NATO-ya yeni üzvlərin qəbulu ilə bağlı protokolları ratifikasiya etməyə razı salmaq istəyir.
Türkiyə İsveç və Finlandiya ilə bu ölkələrin Şimali Atlantika Alyansına üzvlük üçün müraciət etməsinə icazə verən memorandumlar imzalayanda bir çox fərqli versiyalar var idi. ABŞ-ın Türkiyəyə təzyiq etdiyini, “F-16”ların tədarükünü qadağan etməklə hədələdiyini dedilər və yazdılar. Amma Co Bayden Rəcəb Tayyib Ərdoğanla görüşəndə, bu çox vacib idi, Ağ Ev rəhbərinin ABŞ-ın Türkiyəyə “F-16”ları satacağına zəmanət verdiyi barədə məlumatlar ortaya çıxdı. Və bunu hətta Co Baydenin özü də bəyan etdi və o, Konqresin “F-16”nın satışına səs verməsi üçün əlindən gələni edəcəyini söylədi.
Türkiyə daha sonra tək “F-16”nın kifayət etmədiyini, şimal ölkələri üçün müəyyən şərtlərin olduğunu və onların həyata keçirilməsinə Ankarada ciddi nəzarət ediləcəyini bildirdi. Əgər öhdəliklər pozularsa, o zaman Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasını ratifikasiya etməmək hüququ var.
İndi də belə çıxır ki, Türkiyə və ABŞ kimin növbəti addımı atacağını gözləyirlər. Türkiyə parlamenti İsveç-Fin protokollarını təsdiq etməsə, o zaman Türkiyə “F-16”ları almayacaq. Əgər İsveç, Finlandiya və ABŞ sazişlərdən imtina edərlərsə, onda Şimali Avropa ölkələri NATO üzvü kimi rəsmi status almayacaqlar.
Digər mühüm məqam isə ondan ibarətdir ki, Co Bayden əslində ABŞ Konqresində təsir gücünə malik olmaya bilər. Buna görə də konqresmenlər hətta başqa dairələrin təsiri altında da istədiklərini edirlər”, – deyə o qeyd edib.
Nair Əliyev