• Be. Noy 25th, 2024

Dövlətçilik tariximizdə böyük yüksəliş mərhələsi

ByYenigun.news

İyl 16, 2022

Prezident İlham Əliyevin rəhbərliyi ilə 2022-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə, ilk növbədə, dövlətçiliyimiz tarixində böyük yüksəlişin əldə edilməsinin anonsu kimi yadda qaldı. Müşavirədə çıxış edən dövlət başçısının xarici siyasət kursu ilə bağlı mesajları ölkəmizin geopolitik mövqeyinin gücləndiyini, regionun lider dövləti olan Azərbaycanın beynəlxalq münasibətlərin mühüm oyunçularından birinə çevrildiyini təsdiqlədi.

Ən başlıcası isə ABŞ və Avropa ilə münasibətlərin indiki durumu və perspektivləri ilə bağlı Prezident İlham Əliyevin fikirləri respublikamızın bu beynəlxalq güclər üçün əhəmiyyətini tam şəkildə ortaya qoydu. Bu münasibətlər kontekstində Ermənistanın yeri və münaqişənin sülh sazişi ilə bitməsində ABŞ və Avropanın mövqeyi xüsusilə diqqətçəkən məqamlardan idi.

Azərbaycan liderinin rəsmi İrəvanın hər hansı bir destruktiv mövqeyinə qarşı sərt təpki göstəriləcəyini qətiyyətlə bildirməsi dövlətimizin haqlı mövqeyinin dünya tərəfindən qəbul edildiyinin bariz nümunəsi kimi diqqət çəkdi. Eyni zamanda, ölkə rəhbərinin müşavirədə Ermənistanın Azərbaycanın beş şərti ilə razılaşmasını və sülh sazişinin imzalanmasının mümkünlüyünü elan etməsi çox mühüm bir hadisə idi.

Müşavirədə Prezidentin xarici siyasət və sülh prosesi ilə bağlı mesajları hərb meydanında öz ərazi bütövlüyünü bərpa edən dövlətimizin qlobal arenada da qalib mövqedə olmasının təsdiqi idi. Dövlət başçısının sülh prosesinə nəyinsə xatirinə getməyəcəyini, məlum 10 noyabr Bəyannaməsinin müddəalarının yerinə yetirilmədiyi təqdirdə Azərbaycanın gücünü düşmənə göstərəcəyini diplomatik dillə ifadə etməsi də mühüm siyasi əhəmiyyət daşıdı.

Prezident İlham Əliyevin ölkəmizin beynəlxalq müstəvidə mövqeyi və Ermənistanla münasibətlər haqda fikirlərinin yekunu olaraq onu qeyd edə bilərik ki, bütün sahələrdə düşməni üstələyən Azərbaycan özünün iqtisadi, siyasi və hərbi qüdrəti ilə dünya çapında mühüm bir mövqedə qərarlaşıb. Şübhəsiz ki, aparılan islahatlar nəticəsində respublikamızın azad iqtisadi ölkə olması, mövcud əlverişli biznes mühiti və nəhəng layihələrin məhz burada reallaşması xarici sərmayədarlarda Azərbaycana qarşı böyük maraq yaradıb.

Bütün bu amillərə görə, dövlət başçısının vurğuladığı kimi, hazırda qeyri-neft sektoruna investisiya qoymaq üçün ölkəmizə böyük xarici şirkətlər tərəfindən müraciətlər edilir. Şübhəsiz ki, nəhəng özəl qurumların Azərbaycanla əməkdaşlıq istəyi respublikamızda yaradılan siyasi sabitlik, İkinci Qarabağ müharibəsində əldə edilən parlaq qələbə və investorlar üçün digər əlverişli şəraitin ölkəmizdə mövcudluğudur.

Bundan başqa, Azərbaycan xarici şirkətlərlə imzaladığı kontraktlarda, layihələrdə bütün öhdəlikləri uğurla yerinə yetirdiyi üçün hazırda beynəlxalq aləmdə ən etibarlı tərəfdaş kimi tanınır.

Müşavirədə ordu quruculuğu sahəsində görülən işlərə toxunan ölkə rəhbəri bu sahənin hər zaman diqqətdə saxlanıldığını vurğulayaraq, büdcəyə əlavələr edildiyini, hərbi xərclərin əhəmiyyətli dərəcədə artırıldığını diqqətə çatdırdı. Bu artım, şübhəsiz ki, yüksək texnoloji imkanları olan silahların alınmasını şərtləndirəcək.

Çıxışında ən müasir hərbi texnika və silahların ordumuzun arsenalına daxil olacağını söyləyən ölkə rəhbəri müharibə, işğal və təhlükəni dövlət olaraq yaxşı bildiyimizi və eyni zamanda, hər an hüququmuzu təmin etməyə hazır olmağımızın zəruriliyini vurğuladı.

Respublikamızın quru sərhədlərinin bağlı qalmasına aydınlıq gətirən Prezident İlham Əliyev bu qərarı yalnız COVID-19-la mübarizə çərçivəsində vətəndaşlarımızın sağlamlıq durumunu qorumaq üçün qəbul etdiyini söylədi. Çünki ən çox bu xəstəliyin yayılma istiqaməti məhz quru sərhədlərlə bağlıdır.

Şübhəsiz ki, dövlət başçısı bu məsələdə də tam haqlıdır və COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan vətəndaşını düşünən və bu istiqamətdə milyardlarla vəsait ayıran nadir ölkələrdən biridir. Şübhəsiz ki, COVID-19 pandemiyası dövründə ölkəmizin vətəndaşına, onun sağlamlığına biganə qalmaması, unikal addımları və kasıb dövlətlərə vaksin yardımları dünya çapında təqdir olunaraq alqışlanıb, nümunə göstərilib.

Dövlətimizin başçısı cari ilin birinci yarısının yekunlarına həsr olunan müşavirədəki nitqində bütün bu məsələlərin yüksək səviyyədə həlli üçün maliyyə təminatının dövlət büdcəsində nəzərə alındığını, azad edilmiş torpaqlarda binaların inşasında, o cümlədən, digər layihələrin icrasında özəl sektor və dövlət tərəfdaşlığının mühüm önəm daşıdığını diqqətə çatdırdı.

“Dövlət-özəl sektor tərəfdaşlığı üçün əgər qanunvericilikdə əlavələr edilməlidirsə, biz bunu da mütləq etməliyik. Bütövlükdə ölkəmizin investisiya iqlimini daha da yaxşılaşdırmaq üçün nə lazımdırsa, onu da etməliyik. Çünki xarici və yerli investisiyalar olmadan ölkə iqtisadiyyatı inkişaf edə bilməz”, – deyə dövlət başçısı vurğuladı.

Ölkəmiz həyatın bütün sahələrində yüksələn xətlə inkişaf edir. Şübhəsiz ki, bütün bunlar Prezident İlham Əliyevin düzgün, dəqiq hesablanmış siyasətinin məntiqi nəticəsidir. Heç vaxt bugünkü qədər güclü olmayan Azərbaycan dövlət başçısının rəhbərliyi ilə bütün hədəflərə çatmaq qüdrətindədir.

Rəşad Mahmudov
Milli Məclisin deputatı, YAP İdarə heyətinin üzvü 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir