• Be. Noy 25th, 2024

“Ən qısa zamanda qanunsuz erməni silahlı dəstələri Azərbaycan ərazilərini tərk etməlidir” – RƏY + FOTO

ByYenigun.news

İyl 16, 2022

“Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə bir sıra maraqlı məqamlara diqqət edildi. Xüsusilə də bu müddət ərzində ölkə iqtisadiyyatında yüksək sayda artım templərinin müşahidə olunması bizi sevindirir”.

Bu fikirləri “Report”a açıqlamasında deputat Naqif Həmzəyev deyib.

O qeyd edib ki, qlobal problemlərin və krizislərin, münaqişələrin fonunda ölkə iqtisadiyyatının dayanıqlılıq göstərməsi və artan templə yüksəlməsi Prezidentin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsində mümkün olub:

“Prezident müşavirədə bir çox məqamlara toxunub. Xüsusilə də müharibədən 20 ay vaxt keçməsinə baxmayaraq, Ermənistan silahlı dəstələrinin hələ də torpaqlarımızdan çıxarılmamasının mənfi hal olduğu bildirildi. Həmçinin iyun ayına qədər həmin silahlı dəstələrin Azərbaycan ərazilərini tərk edəcəyinə dair verilən sözlərin tutulmaması, Ermənistanın prosesləri uzatması bizi narahat edir. Bu gün Tbilisidə keçirilən Azərbaycan, Gürcüstan və Ermənistan XİN başçılarının görüşünün nəticəsinə uyğun olaraq hər hansı ciddi addımlar atıla bilər və atılmalıdır.

Xüsusilə də bu ərazilərdə sülhməramlıların fəaliyyəti heç də ürəkaçan deyil. Onlar faktiki olaraq erməni silahlı dəstələrinin ərazilərimizdən çıxarılmasını bir növ ləngidirlər. Onlar hansısa dəstək və isti münasibət gördükləri üçün ərazilərimizi tərk etməyə tələsmirlər. Lakin istənilən halda Ermənistan prosesləri çox uzada bilməyəcək. Hesab edirəm ki, növbəti ayda baş tutacaq vacib görüşlər zamanı vəziyyəti daha real şəkildə analiz edə biləcəyik”.

N.Həmzəyev bildirib ki, Prezidentin müşavirədə səsləndirdiyi kimi, Azərbaycan öz ordusunu daha da gücləndirməlidir:

“Avtomatik olaraq Azərbaycan hökuməti tərəfindən təxirəsalınmaz işlər həyata keçirilir, yeni müqavilələr imzalanıb, bunlar əsasında ordumuzun sərəncamına müasir yeni nəsil silahlar daxil ediləcək. Ordunun daha peşəkar olması üçün maddi-texniki bazaları gücləndiriləcək. Yeni hərbi hissələr açılır və bu sayın artırılması da nəzərdə tutulur. Bir sözlə, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Silahlı Qüvvələri bütün sərhədboyu strateji mövqelərdə möhkəmlənib. Zəngəzur dəhlizinin işə düşməsi əsas hədəflərdəndir. Təəssüf ki, Ermənistan tərəfi bu məsələdə də ikili standartlardan çıxış edir”, – deputat bildirib.

N.Həmzəyev əlavə edib ki, Ermənistan tərəfi görüşlər zamanı söz versə də, daha sonra real addımlar atmır:

“Bu da istər-istəməz bizi və region dövlətlərini narahat edir. Azərbaycan tərəfi heç vaxt müharibə istəməyib və bu gün də istəmir. 44 günlük Vətən müharibəsinin də səbəbkarı məhz Ermənistanın münaqişənin sülh yolu ilə həll yolunu istəməməsi, əksinə, yeni ərazilərimizin işğalı niyyətini ortaya qoyması idi. Tovuz döyüşləri də buna misaldır. Ölkə başçısı ötən gün bir daha vurğuladı ki, Ermənistan tərəfi öz mövqeyini və fikirlərini açıq ortaya qoymalı, ən qısa zamanda qanunsuz erməni silahlı dəstələri Azərbaycan ərazilərini tərk etməlidir. Əks təqdirdə Azərbaycan yenidən dəmir yumruğunu işə salmaq məcburiyyətində qalacaq. Biz regionda uzun müddətli və daimi sülhün bərqarar olmasının tərəfdarıyıq”.

Deputatın sözlərinə görə, istənilən halda bu ilin altı ayının yekununda nikbin məlumatlar eşidə bildik:

“Növbəti illərdə dünyada baş verən qlobal iqtisadi böhranları nəzərə almalıyıq. Ölkə başçısı müşavirədə xüsusi tapşırıqlar verdi. Odur ki, biz növbəti illərdə də ölkə iqtisadiyyatının dayanlıqlılığını təmin edə biləcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir